Hər bir insan zaman-zaman beynində səssiz danışıqlar aparır. Bu daxili səs — bəzən qərar verərkən, bəzən düşüncələrimizi səliqəyə salarkən, bəzən də sadəcə özümüzlə “söhbət” edərkən eşitdiyimiz, amma ucadan səsləndirmədiyimiz səsdir.
İllərlə alimlər bu fenomenin arxasında duran mexanizmləri araşdırmağa çalışıblar. Nəhayət, ABŞ-da aparılan yeni tədqiqatlar bu sirrin qapısını bir qədər aralayır.
Daxili səs necə yaranır?
"Medicina" xəbər verir ki, ABŞ-da yerləşən Klivlend Klinikasının neyrofizioloqları epilepsiya diaqnozu qoyulmuş yeddi könüllü üzərində apardıqları təcrübə nəticəsində maraqlı nəticələr əldə ediblər. İştirakçıların kəllə sümüyünə birbaşa elektrodlar yerləşdirilərək onların beyin fəaliyyətləri izlənib. Onlara üç məşhur mətn təqdim olunub: Abraham Linkolnun Gettisburq çıxışı, Con Kennedinin andiçmə nitqi və məşhur uşaq şeiri “Humpty Dumpty”. Könüllülər bu mətnləri əvvəlcə ucadan, sonra isə daxildə – səssizcə, yalnız şüurda oxuyublar.
Təcrübənin gedişində məlum olub ki, beynimiz ucadan danışarkən və yalnız düşüncə ilə “danışarkən” eyni neyron zəncirlərini aktivləşdirir. Bu o deməkdir ki, beynimiz üçün “ucadan danışmaq”la “içində danışmaq” arasında ciddi bir fərq yoxdur.
Dekoder beynin səsini “eşidə” bildi
Tədqiqatçılar bu məlumatları əsas götürərək xüsusi bir proqram – “dekoder” hazırlayıblar. Bu proqram beyindəki neyronların aktivliyini səs dalğalarına çevirməyə imkan verir. Əvvəlcə sistem yalnız ucadan deyilən sözləri tanıyıb səsə çevirə bilib. Daha sonra eyni dekoder daxili səslə – yəni yalnız beynin içində “səsləndirilən” nitqi də uğurla oxuya bilib və sözlərin orijinal formasını bərpa edib.
Bu, daxili nitqin artıq “oxuna” biləcəyi anlamına gəlir.
Səs protezi – Nitqsizlər üçün inqilabi kəşf
Ən böyük nəticə isə bu təcrübənin gələcəkdə geniş tətbiq imkanları ilə bağlıdır. Alimlər hesab edirlər ki, bu texnologiya əsasında nitq qabiliyyətini itirmiş – insult keçirmiş, nevroloji xəstəliklərə tutulan və ya danışma funksiyası olmayan şəxslər üçün “səs protezi” adlı cihazlar hazırlamaq mümkün olacaq. Belə bir texnologiya həmin insanların düşüncələrini “oxuyaraq” səsləndirə və onlara kommunikasiya imkanı verə bilər.
Bu, elm və texnologiyanın tibbdə inqilabi tətbiqlərindən biri ola bilər.
Aygün Musayeva