Dənizdə və hovuzda meymunçiçəyi təhlükəsi varmı? - Həkimdən cavab

  • 2022.06.16 14:48
  • 3507 Baxış
Dənizdə və hovuzda meymunçiçəyi təhlükəsi varmı?   - Həkimdən cavab

Yay mövsümü ilə əlaqədar insanlar dənizə, hovuza, çaylara, göllərə üz tutur. Son həftələrdə yoluxucu olan meymunçiçəyi xəstəliyinə Azərbaycanda rast gəlinməsə də, əhali gigiyenik qaydalara riayət edir.


Bəs dəniz və hovuzda bu xəstəliyə yoluxmaq mümkündürmü?

İnfeksionist-həkim Mərdan Əliyev Bakupost.az -a açıqlamasında bildirib ki, meymunçiçəyinin su mənbələri vasitəsilə yoluxması real deyil:



“Meymunçiçəyi xəstəliyi sıx kontakt yolu ilə keçir. Yəni birbaşa dərinin üzərində olan səpkilərə digər şəxslər toxunduqda səpkinin möhtəviyatı üzərində olan viruslar keçə bilir. Heyvanlardan insanlara da bu qayda ilə keçir. Həmçinin tənəffüs yolunda az miqdarda olduğu zaman yaxın təmasda kiminləsə uzun müddət söhbət ediriksə, o zaman yoluxma baş verir.

Lakin meymunçiçəyinin dəniz suyu, yaxud göllərdən, hovuzlardan yoluxması halları mümkün deyil. Çünki virus o qədər yoluxucu deyil ki, su vasitəsilə keçsin.

Bədəndə yara olduğu halda suya girən zaman o durulaşır. Suda durulaşdığı üçün onun yenə də yoluxma ehtimalı olmur. Burada əsasən göbələk infeksiyalarına yoluxma bilər. Çünki göbələk nəmişlik sevən infeksiyadır. Orada oturacaq yerlərdə, yaxud kənarda uzanılan yerlərdə göbələk ola bilir. Həmçinin göbələk virusu da bir nəfərdən digərinə keçə bilir. Uşaqlarda yayılan rota virusa da yoluxma baş verə bilər”.

Mütəxəssisin sözlərinə görə, dəniz suyu ilə daha çox mədə-bağırsaq xəstəliklərinə yoluxma olur: “Bakterial infeksiyalar daha çox dəniz suyu ilə yoluxa bilir. Amma virus infeksiyalarının, konkret olaraq meymunçiçəyinin dəniz suyu ilə yoluxması faktı indiyə kimi qeydə alınmayıb”.


M.Əliyev bildirib ki, hazırda suçiçəyinə yoluxma halları var: “Meymunçiçəyi virusu qış fəslinin son ayları və yaz fəslinin əvvəllərində daha çox yayılır. Yəni havaların daha çox soyuq olduğu müddətdə proses sürətli olur. Hazırda suçiçəyi virusunun fəslidir və yoluxma var. Amma yavaş-yavaş azalmağa doğru gedir”.


İnfeksionist qeyd edib ki, suçiçəyi ilə meymunçiçəyindəki səpkilər tamamilə fərqlidir, meymunçiçəyində səpkilər daha böyük və irinləməyə meyilli olur.