Dəri xərçənginə qarşı yeni ümid: çətənə yağı

  • 2024.04.22 11:20
  • 406 Baxış
Dəri xərçənginə qarşı yeni ümid: çətənə yağı
Yeni bir araşdırma konsentratlaşdırılmış çətənə yağının ölümcül dəri xərçəngi hüceyrələrini məhv etmə potensialına sahib olduğunu ortaya qoyub.

Medicina.az xəbər verir ki, Avstraliyada yerləşən “MGC Pharmacy” tərəfindən istehsal edilən “PHEC-66” adlı çətənə yağının dəri xərçənginin ən təhlükəli növlərindən biri olan melanoma hüceyrələrinin yayılmasının qarşısını ala biləcəyi iddia edilib.

Bundan sonra Çarlz Darvin Universiteti (CDU) və RMIT Universitetinin alimləri mövzu ilə bağlı araşdırmalarını dərinləşdiriblər və şirkətin əldə etdiyi nəticələri təsdiqləyən tapıntılar üzə çıxarıblar.

“Melanoma hüceyrəsinə verilən zərər bu hüceyrənin bölünməsinə mane olur. Bölünmə əvəzinə hüceyrənin ölüm prosesi başlayır", - araşdırmanın əsas müəlliflərindən olan, CDU-nun əməkdaşı Nazım Nassar deyib.

Tədqiqatın nəticələri “Cells” elmi jurnalında dərc olunub.

Elm adamları araşdırmanın yalnız laboratoriya mühitində aparıldığını və eyni nəticələrin canlı heyvanlar üzərində də əldə edilib-edilməyəcəyinin araşdırılmasının vacib olduğunu vurğulayıblar.

Qeyd olunub ki, çətənə və oxşar məhsullar son 20 ildir tibbi məqsədlər üçün istifadə edilir. Aparılan elmi araşdırmaların hələ də yüksək səviyyəyə çatmamasının ən mühüm səbəblərindən biri də budur.

Məsələn, Avstraliyada çətənənin tibbi məqsədlər üçün istifadəsinə ilk dəfə 2016-cı ildə icazə verilib. Son 8 ildə ölkədə tədqiqatçılar onunla bağlı mühüm araşdırmalar aparıblar. 2020-ci ildə Avstraliyada bir əczaçılıq şirkəti bəzi çətənə növlərinin leykemiya hüceyrələrini öldürmə potensialına malik olduğunu aşkarlayıb. Bu tapıntıları dəstəkləyən nəticələr dünyanın müxtəlif yerlərində aparılan tədqiqatlarda da əldə edilib.

2015-ci ildə ABŞ alimləri çətənə komponentlərinin xərçəng hüceyrələrini oksidləşdirici stresə saldığını və melanoma olmayan dəri xərçəngi hallarında onların ölümünə səbəb olduğunu aşkar ediblər.

Bir neçə il sonra İtaliyada aparılan araşdırmalardan sonra tədqiqatçılar belə nəticəyə gəldilər ki, mədəaltı vəzi xərçəngi üçün də oxşar nəticə mümkündür.


Aysel