Amerika prezidenti gecə 5 saatdan çox yatmır. Lakin alimlər iddia edirlər ki, bu rejim ürək-damar xəstəlikləri, 2-ci tip diabet və demensiya riskini 20% artırır.
Medicina.az xəbər verir ki, Donald Tramp, Marqaret Tetçer kimi bir çox tarixi şəxsiyyət hər gün 4-5 saatdan çox yatmayıb. Lakin, London Universitet Kollecinin tədqiqatçılarının müəyyən etdiyi kimi, bu, insanların böyük əksəriyyətinin sağlamlığı üçün son dərəcə təhlükəlidir. Onlar 50-70 yaş arası 7864 insanı müşahidə ediblər. Hamısı nə qədər yatdıqlarını bildiriblər.
Tədqiqat müddəti 25 il davam edib. Alimlər iştirakçılarda 2-ci tip diabet, koronar ürək xəstəliyi və demensiya da daxil olmaqla ən çox yayılmış 13 xroniki xəstəlikdən hər hansı birinin inkişaf edib-etməməsi ilə maraqlanıblar. Onlar müəyyən ediblər ki, gecə beş saat yatan 50 yaşdan yuxarı insanlarda bu 13 xəstəlikdən birinə yoluxma ehtimalı 20% daha yüksəkdir.
Onlarda həmçinin bu xəstəliklərdən ikisinin və ya daha çoxunun inkişaf riski artır.
Bu o deməkdir ki, yuxu çatışmazlığı təkcə yaşlılıq dövründəki xəstəliklərlə deyil, həm də birləşdikdə əlillik və vaxtından əvvəl ölüm riskini xeyli artıran bir çox digər xəstəliklərlə əlaqələndirilir.
Aygün Musayeva