Əskişəhərdə 8 yaşlı Fatma Yamanın boynunda böyüyən 25 santimetr ölçüsündə və 3 kiloqram ağırlığında nəhəng bir şiş 6,5 saatlıq əməliyyatla çıxarıldı. Həkimlər, dünyada uşaq xəstəsində ən böyük bilinən boyun şişi kimi qeydə alınan bu halın tibb ədəbiyyatına daxil olduğunu açıqladılar.
Medicina.az xəbər verir ki, Qaziantepdə yaşayan cütlük Orhan və Kübra Yaman 2023-cü ildə qızları Fatmanın boynunda şiş aşkar ediblər. Sürətlə böyüyən şiş səbəbindən ailə xaricdəki xəstəxanalar da daxil olmaqla bir çox xəstəxanaya müraciət edib. Lakin yüksək risk səbəbindən əməliyyat aparıla bilməyib.
Ata Orhan Yaman təcrübələrini bu sözlərlə təsvir edib: “2023-cü ildən bəri xaricdəki xəstəxanalar da daxil olmaqla bir çox xəstəxanaya müraciət etmişik. Aldığımız cavabların əksəriyyəti “əməliyyat masasında öləcək” olub. Çox çətin günlərdən keçdik. Əskişəhər Şəhər Xəstəxanası qızım üçün əlindən gələni edib.”
Əskişəhər Şəhər Xəstəxanasında Ürək-Damar Cərrahiyyəsi, Uşaq Cərrahiyyəsi, Plastik Cərrahiyyə və anesteziya mütəxəssislərindən ibarət bir qrup tərəfindən Fatma Yaman üçün əməliyyat planlaşdırılıb. Təxminən 6,5 saatlıq əməliyyatda həyati təhlükə yaradan 3 kiloqramlıq şiş kiçik qızın boynundan uğurla çıxarıldı. Əməliyyatdan sonra Fatma 15 gün reanimasiya şöbəsində müşahidə altında saxlanıldı, daha sonra adi palataya köçürüldü və evə buraxıldı.
Əməliyyatı həyata keçirən Əskişəhər Şəhər Xəstəxanasının Plastik Cərrahiyyə şöbəsindən əməliyyatçı Dr. Əbdülkadir Calavul, kütlənin tibbi ədəbiyyata daxil olduğunu bildirdi. Calavul xəstənin xəstəxanaya çatanda cəmi 10 kiloqram ağırlığında olduğunu, bunun 3 kiloqramının şiş olduğunu qeyd edərək dedi: “Xəstənin boynundakı kütlə yuxu arteriyasına, ağciyərlərə və belinə ciddi təzyiq göstərirdi. Boynunda təxminən 80 dərəcə əyrilik var idi. Yemək və nəfəs almaqda ciddi problemlər yaşayırdı.”
Calavul kütlənin təxminən 25x20 santimetr ölçüdə olduğunu bildirib və əlavə edib: “Ədəbiyyatda təxminən 20-22 santimetr ölçüdə hallar var, lakin xəstəmizdəki şiş 25 santimetr idi. Hal-hazırda biz bunu pediatrik xəstələrdə dünyada məlum olan ən böyük boyun şişi hesab edirik.”
Aygün
Medicina.az