Elmi dünyada aparılan son tədqiqatlar əməliyyatdan sonrakı sağalma prosesinə birbaşa təsir edən bir faktı ortaya çıxarıb. Bədəndə D vitamini çatışmazlığı həm xəstəxanada, həm də cərrahi əməliyyatlardan sonra evdə yaşanan ağrının şiddətini əhəmiyyətli dərəcədə artırır.
Medicina.az xəbər verir ki, Regional Anesthesia & Pain Medicine jurnalında dərc olunan bir araşdırmaya görə, D vitamini səviyyəsi aşağı olan qadınlar döş xərçəngi əməliyyatından sonra daha ağrılı sağalma prosesi yaşayırlar və daha güclü ağrıkəsicilərə (opioidlər) ehtiyac duyurlar.
Tədqiqatçılar əməliyyatdan əvvəl D vitamini səviyyəsinin artırılmasının xəstənin rahatlığı üçün təsirli bir yol ola biləcəyini bildirirlər.
Alimlər Misirdəki Fayoum Universiteti Xəstəxanasında D vitamini ilə əməliyyatdan sonrakı ağrı arasındakı əlaqəni araşdırmaq üçün hərtərəfli bir araşdırma aparıblar.
Tədqiqatda döş xərçəngi səbəbindən mastektomiya (döşün çıxarılması) əməliyyatı keçirəcək 184 qadın müayinə edilib.
İştirakçıların yarısında D vitamini səviyyəsi 30 nmol/L kritik limitdən aşağı, digər yarısında isə bu limitdən yuxarı idi.
Orta yaşları 42 və 44 olan bu iki qrup, D vitamini statuslarından xəbərsiz olan həkimlər və tibb bacıları tərəfindən əməliyyatdan əvvəlki, əməliyyatdaxili və əməliyyatdan sonrakı proseslər boyunca diqqətlə izlənilib.
Əməliyyatdan sonra xəstələrin ağrı səviyyələri 24 saat ərzində müntəzəm olaraq qeyd edilib.
D vitamini çatışmazlığı olan xəstələrdə əməliyyatdan sonrakı ilk 24 saat ərzində kifayət qədər vitamin səviyyəsi olan xəstələrlə müqayisədə orta və şiddətli ağrı yaşama ehtimalı üç dəfə çox olub.
Mütəxəssislər iki qrup arasındakı əsas fərqin standart ağrı şkalasında 4-dən 6-ya qədər dəyişən "orta" ağrı yaşayan xəstələrin konsentrasiyasından qaynaqlandığını bildirdilər.
D vitamini səviyyəsi aşağı olan xəstələr əməliyyat zamanı daha çox fentanil tələb edirdilər.
Əməliyyatdan sonra D vitamini çatışmazlığı olan qadınlar özləri təyin etdikləri ağrıkəsiciləri daha tez-tez istifadə etməli, normal vitamin səviyyəsi olan xəstələrlə müqayisədə orta hesabla 112 mq daha çox tramadol qəbul etməli oldular.
Ağrını yüngülləşdirmək üçün yüksək dozada ağrıkəsicilərin istifadəsi xəstələrin sağalma rahatlığına mənfi təsir göstərdi.
Ürəkbulanma və yuxululuq kimi yan təsirlərə əlavə olaraq, yalnız D vitamini çatışmazlığı olan qrupda tam qusma hallarının müşahidə edilməsi diqqətəlayiqdir.
Mütəxəssislər hesab edirlər ki, D vitamini bədənin ağrı hiss etmə və tənzimləmə mexanizmlərində mühüm rol oynayır ki, bu da vitaminin iltihab əleyhinə xüsusiyyətləri və immun sisteminə təsiri ilə əlaqələndirilir.
Aygün
Medicina.az