Elmi araşdırma: İtlərlə vaxt keçirmək müalicəvi təsir göstərir

  • 2024.03.14 18:45
  • 348 Baxış
Elmi araşdırma: İtlərlə vaxt keçirmək müalicəvi təsir göstərir
Yeni araşdırmalara görə, itlərlə oynamaq, onlara qulluq etmək, onlarla gəzmək və digər bu kimi fəaliyyətlər stressi, qayğını azaldır.

Medicina.az xəbər verir ki, bu, Cənubi Koreyanın Konkuk Universitetində aparılan araşdırma nəticəsində məlum olub.

Tədqiqat zamanı 30 nəfərin beyin skanları təhlil edilib. Alimlər elektroensefaloqramma (EEQ) cihazından istifadə edərək yaşı 20-dən yuxarı olan 15 kişi və qadının beyin fəaliyyətini ölçüblər. Bu sağlam, yetkin şəxslərin beyin skanları göstərib ki, itlərlə qarşılıqlı əlaqə beyində istirahət, konsentrasiya, yaradıcılıq və diqqətlə əlaqəli elektrik aktivliyi yaradır.

Araşdırmaya qatılanlar itlərlə əlaqəli bütün fəaliyyətlərdən sonra əhəmiyyətli dərəcədə daha az yorğunluq və stress hiss etdiklərini bildiriblər.

Onlar itlə oynayarkən və ya itlə gəzərkən EEQ alfa beyin dalğalarını aşkar edib. İtləri darayanlarda isə adətən yüksək konsentrasiya ilə əlaqəli beta beyin dalğalarının artdığı görülüb.

"Bu araşdırma göstərdi ki, itlərlə vaxt keçirmək beyin fəaliyyətinin artmasını asanlaşdırmaqla daha yaxşı istirahət, emosional tarazlıq, diqqət, konsentrasiya və yaradıcılığı stimullaşdıra bilər", - deyə tədqiqatçılar qeyd ediblər.

Terapiya mütəxəssisi Corcina Störmer isə bunları deyib.:

“Biz terapiyada “şərtsiz müsbət münasibət” anlayışından danışırıq. Bu, terapiyaya insan mərkəzli yanaşmanın prinsiplərindən biridir: başqası bizə qeyd-şərtsiz qayğı göstərdikdə, özümüzü sağalda və qidalandıra bilərik. Və itlərin edə biləcəyi də budur. Onlar bizim sevildiyimizi göstərir və özümüzü dinc hiss edirik. Özüm də bir it sahibi olaraq, bizi qeyd-şərtsiz sevən it dostlarımızla vaxt keçirməyin fiziki və emosional faydalarına şahidlik etmişəm”.

Qeyd edək ki, araşdırmanın nəticələri “Plos One” jurnalında dərc olunub.

Aysel