Elmi cəhətdən sübut edildi: stress xərçəngin bədəndə sürətlə yayılmasına səbəb olur

  • 2024.02.25 19:51
  • 692 Baxış
Elmi cəhətdən sübut edildi:  stress xərçəngin bədəndə sürətlə yayılmasına səbəb olur
Stressin xərçəng hüceyrələrinin böyüməsinə və yayılmasına səbəb olduğu elmi cəhətdən öz təsdiqini tapıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərindəki “Cold Spring Harbor” Laboratoriyasından bir qrup tədqiqatçının apardığı araşdırma sübuta yetirib.

Belə ki, araşdırmaçılar xroniki stressin neytrofillər adlanan ağ qan hüceyrələrinin yapışqan şəbəkələrinin meydana gəlməsinə səbəb olduğunu və xərçəng hüceyrələrinin toxumaları işğal etməsini asanlaşdırdığını müəyyən ediblər.

Komanda döş xərçənginə tutulan laboratoriya siçanları üzərində araşdırma aparıb. Siçanlar stresə məruz qaldıqda xərçəngin yayılma riski 2-4 dəfə artıb.

Stress immun sisteminin digər hissələrinə də təsir edir, məsələn, mühüm immun hüceyrələrin fəaliyyətini boğaraq, ağciyərləri xərçəng hüceyrələrinin çoxalması üçün daha uyğun bir yerə çevirir.

Tədqiqat stressin xərçəngin böyüməsinə kömək etdiyini təsdiqləsə də, xəstəliyin ilkin səbəbinin stress olduğunu sübut etmir.

“Cold Spring Harbor” Laboratoriyasından tədqiqatçısı Dr. Şue-Yan Hi deyib: "Stress xərçəng xəstələrində qarşısını ala bilməyəcəyimiz bir problemdir. Diaqnoz qoyulduqda, xəstənin ölüm, sığorta və ya ailəsi haqqında düşünməyinə mane olmağın yolu yoxdur”.

Tədqiqatda müşahidə edilən siçanlarda döş şişləri və ağciyər xərçəngi olub. Siçanların bir qismi daim parlaq işıq altında saxlanılıb, yüksək səsə məruz qalıb və ya yeməkdən məhrum ediliblər. Sonda isə bütün bu səbəblərdən stressə məruz qalan həmin siçanlarda digərləri ilə müqayisədə şişlərin böyüməsi və xərçəngin ağciyərlərə daha sürətlə yayılması müşahidə edilib.

Araşdırmanın həmmüəllifi Dr. Mikala Eqebled baş verənləri bu cür izah edib:

“Mən bu heyvanlarda metastatik lezyonların dəhşətli artımını gördüm. Metastazda dörd dəfəyə qədər artım var idi. Stress T hüceyrələrinin və təbii öldürücü (NK) hüceyrələrin sayının azalmasına səbəb olur, həmçinin qan dövranı ilə dövr edib şişlərə daxil olan neytrofillərin sayını artırır. Stress hormonu olan kortikosteron da xərçəngin yayılmasına kömək edir”.

Qeyd edək ki, araşdırmanın nəticələri "Cancer Cell" jurnalında dərc olunub.


Gül