Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında cinayət işi başlanılıb.
Medicina.az Apa-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.