Kadavra- meyit toxumasından istifadə etməklə alınan "zombi dolğusu" estetik cərrahiyyədə ən son dəbdir. Yalnız estetik məqsədlər üçün deyil, həm də hər hansı bir qəza və ya tibbi əməliyyatdan sonra itirilmiş toxumanı əvəz etmək üçün istifadə edilən bu üsul, uzunmüddətli tibbi ədəbiyyatın və sınaqların çatışmazlığı ilə yeni bir məhsul olduğu üçün narahatlıqların mərkəzindədir.
Medicina.az xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə, bəzi klinikalarda cəsədlərdən əldə emal edilən yağ toxuması bədən formasını dəyişdirmək üçün yeridilir.
Cəsədlərdən götürülən yağ toxuması sterilizasiya edilir, borulara yerləşdirilir və "Alloclae" adlı maddə kimi yenidən brendləşdirilir. İndiyə qədər estetik cərrahlar yağların insanın bədəninin bir hissəsindən (adətən liposaksiya yolu ilə) götürülərək bir az daha çox həcm tələb edən sahələrə yenidən yeridilməsi üçün autoloji yağ köçürmələrindən istifadə edirdilər. Qadınlarda bu, dodaqlar, döşlər və ombalar üçündür; kişilərdə isə adətən sinə əzələləri, bisepslər və baldırlar üçündür.
Lakin, Alloclae o deməkdir ki, öz yağlarının götürülməsini istəməyənlər və ya bədənlərində ümumiyyətlə yağ olmayanlar artıq xarici mənbələrdən, yəni mərhum donorlardan birdəfəlik iynələr ala bilərlər. Bu üsul, görünüşünü növbəti səviyyəyə qaldırmaq istəyən hər kəs üçün ən yeni "bodibildinq hiyləsi" kimi təqdim olunur. Prosedur minimal invaziv (aşağı cərrahi müdaxilə) hesab olunur və əsasən təhlükəsizdir.
Bu metodu təsvir edən Dr. Douglas Steinbrech deyib: "Alloclae əməliyyatı keçirənlərin əməliyyata və ya ümumi anesteziyaya ehtiyacı yoxdur. Onlar sağalma prosesi və bütün bu ağrılarla üzləşməli deyillər."
2025-ci ilin əvvəlindən bəri Alloclae döş və ya omba böyütmə əməliyyatı istəyən qadınlar arasında ən populyardır, kişilər də bu cür prosedurlara maraq göstərirlər.
İstehsalçı tərəfindən paylanan broşürlərdə məhsulun saflığı və sterilizasiya prosesi vurğulanır və Alloclae-nin "immunogenlik həddindən" aşağıda saxlanıldığı, yəni yağın donorun bütün izlərindən təmizləndiyi və beləliklə, xəstənin immun sisteminin yad maddəyə qarşı müdafiə reaksiyasının qarşısını aldığı iddia edilir.
Aygün Musayeva