Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar sürətlə irəliləyən və ölümcül beyin xərçəngi növü olan Glioblastoma üzərində komandası ilə birlikdə apardığı tədqiqatlar haqqında məlumat verib.
Medicina.az xəbər verir ki, Sancar siçanlarda ölümcül beyin şişlərini tamamilə aradan qaldıran yeni bir müalicə metodu hazırladığını açıqlayıb.
O, tədqiqatın ən azı iki il çəkəcəyini vurğulayıb:
"Əldə etdiyimiz elmi inkişaflar, əlbəttə ki, sevindirici və ümidvericidir".
Qeyd edək ki, Dr. Əziz Sancar və onun tədqiqat qrupu beyin xərçənginin müalicəsində bir irəliləyiş əldə ediblər.
Yeni hazırlanmış metod, sağlam hüceyrələrə zərər vermədən eksperimental tədqiqatlarda siçanlarda ölümcül beyin şişlərini uğurla aradan qaldırıb.
Tədqiqat müəyyən edib ki, "EdU" adlı bir molekul kimyaterapiyada tez-tez istifadə edilən Temozolomid (TMZ) ilə birlikdə tətbiq edildikdə, siçanlarda qlioblastoma şişləri tamamilə aradan qaldırılır.
Siçan təcrübələrində şişlərin cəmi 23 gün ərzində təmizləndiyi və ömrünün əhəmiyyətli dərəcədə artdığı aşkar edilib.
Elmi dünyada böyük ajiotaj yaradan bu tədqiqatın, xüsusən də müalicəsi olduqca çətin olan qlioblastoma xəstələri üçün yeni bir ümid qapısı açdığı deyilir.
Mütəxəssislər qeyd edirlər ki, bu, gələcəkdə insan sınaqlarına keçirilərsə, beyin xərçənginin müalicəsində əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər.
Lakin professor Sancar klinik sınaqlar üçün vaxt çərçivəsi göstərərək bildirib:
"İşimizə göstərdiyiniz maraq və tərif mesajlarınız üçün təşəkkür edirik. Bu tədqiqatda əldə etdiyimiz elmi irəliləyişlər, əlbəttə ki, fundamental elm baxımından məmnunedici və ümidvericidir.
Lakin, xüsusilə qeyd etmək istərdim ki, bu yaxınlarda eşitdiyiniz bu xoş xəbərdə qeyd olunan eksperimental uğurlar yalnız bu mərhələdə siçanlar üzərində əldə edilib.
Bu tapıntıların insanlar üçün təhlükəsiz və effektiv bir müalicəyə çevrilməsi üçün hərtərəfli klinik sınaqlar tələb olunur və bunun üçün ən azı iki il daha lazımdır.
Anlayışınız və davamlı dəstəyiniz üçün çox təşəkkür edirəm. Hörmətlə."
Aygün
Medicina.az