Gədəbəydə yeni Hemodializ şöbəsi açıldı

  • 2026.05.07 17:42
  • 74 Baxış
Gədəbəydə yeni Hemodializ şöbəsi açıldı


Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub.


Medicina.az xəbər verir ki, hemodializ xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkənin müxtəlif bölgələrində, o cümlədən ən ucqar rayonlarda belə yeni hemodializ şöbələrinin yaradılması və mövcud xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində işlər həyata keçirilir.

Daha bir hemodializ şöbəsi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında yaradılıb.

Şöbənin açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov və digər əməkdaşlar iştirak edib.


Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən S.Səmədov bildirib ki, Gədəbəy rayonunda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr bundan sonra Hemodializ şöbəsində tibbi xidmət ala biləcəklər.

Qeyd edək ki, şöbədə 4 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar və lazım olan tibbi avadanlıqlarla təmin edilib.

Əlavə edək ki, Hemodializ şöbəsində 1 həkim, 8 tibb bacısı, 2 texnik və 2 sanitar olmaqla, ümumilikdə 13 nəfər tibbi heyət xidmət göstərəcək.