Gəncədə Qastroenteroloji konfrans baş tutdu

  • 2022.08.20 15:36
  • 1756 Baxış
 Gəncədə  Qastroenteroloji konfrans baş tutdu

Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə “I Gəncə Qastroenteroloji günləri” adlı tibbi konfrans keçirilir.



Medicina.az xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, TƏBİB, Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ və digər qurumların iştirakı ilə baş tutub.



Öncə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra beynəlxalq tibbi konfrans öz işinə başlayıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor əvəzi İlkin İsmayılov, Azərbaycan Endoskopik- Laparoskopik Cərrahlar Assosiasiyasının sədri, professor Müşviq Həsənov, “Olimp Hospital”ın Qastroenterologiya, hepatologiya və invaziv endoskopiya mərkəzinin müdiri Aqil Ağakişiyev və başqaları iştirak ediblər.

Qeyd olunub ki, dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daim düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır. Günümüzdə bilik və təcrübə ehtiyaclarının ödənilməsi üçün müasir texnologiyaların, müalicə metodlarının, yanaşmaların təhlil edilməsi vacibdir.

Konfransda yerli və xaricin mütəxəssislərin “Endoskopik submukozal disseksiyon”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər mövzularda məruzələri dinlənilib, əməliyyat blokundan canlı yayım izlənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “I Gəncə Qastroenteroloji günləri” tibbi konfransın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

2 gün davam edəcək tədbirdə təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli istiqamətində müzakirələr aparılacaq, canlı təqdimatlar olunacaq.