“Çox qadınlar var ki, lazımsız yerə kəsilir, çox hamilələr də var ki, nahaq doğuşa salınıb”- Məşhur ginekoloq Lətifə Əfəndiyeva ilə MÜSAHİBƏ

  • 27 İyul, 2019
  • 33211 Baxış
“Çox qadınlar var ki, lazımsız yerə kəsilir, çox hamilələr də var ki, nahaq doğuşa salınıb”- Məşhur ginekoloq  Lətifə Əfəndiyeva ilə MÜSAHİBƏ
"Hər necə oldu hamiləliyi yola verim, tez uşağı çıxarım olmaz. Dölə vətəndaş kimi yanaşmaq lazımdır”.

Mama-ginekoloq, tibb elmləri namizədi Lətifə Əfəndiyeva Azərbaycanın adlı-sanlı, tanınmış ginekoloqu, Azərbaycanın hələ sovet dövründə baş mama-ginekoloqu,  Xətai adına doğum evinin  baş həkimi olub. Azərbaycanda  ali tibb təhsili aldıqdan sonra SSR-i Elmlər Akademiyasının Mama-Ginekologiya inistitunda məqsədli aspiranturani bitirərək, şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişatına dair  namizədlik dissetrasiyasını müdafiə edib.

Bakıya qayıtdıqdan sonra Səhiyyə Nazirliyində çalışıb, daha sonra Xətai doğum evinə baş həkim təyin edilib. Baş həkim olduğu müddətdə ana və uşaq ölümü kəskin düşüb, doğuşdan sonra nevroloji qüsurlara görə nevroloji xəstəxanalara körpə göndərişi statistikası kəskin azalıb. fəsadlaşmış hamiləlikləri ugurla başa çatdırmağa müvəffəq  olub. Bütün bunların isə bir səbəbi var: peşəkarlıq, düzgün qərar və dölün doğuşa hazır olub- olmamasının düzgün qiymətləndirilməsi, dölün hipoksiyadan maksimum xilas edilməsi və digər səbəblərin aradan qaldırılması.

Hazırda Lətifə xanım Azərbaycanda hamiləliyin  ağır patologiyaları, çətin keçən hamiləlik, çoxsaylı düşüklər, düşük təhlükəsi, şəkərli diabet və bir sıra ağır xəstəlikləri olan qadınların hamiləliyinin  aparılmasını təmin edəcək nadir kadrlardan biridir.

Medicina.az tanınmış ginekoloq Lətifə Əfəndiyeva ilə problemli hamiləlik, ağır patologiyalar, çıxış yolları və sağlam hamiləlik keçirib sağlam övlad dünyaya gətirilməsi  məsələlərindən danışıb.

-Lətifə xanım, hamiləlikdə hansı ağır patologiyalar, xəstəliklər məhz  sizin sahənizdir?

 - Mənim elmi işim diabetlə bağlı olub. Diabetik xəstələrlə uzun illər məşğul olmuşam, onların hamiləliyini problemsiz keçirtmişəm. Uşaqlıqdan şəkəri olan qadınlara uşaq vermişik.

Bu yaxında bir xəstəm var idi, düz 3 il onunla məşğul olduqdan sonra sağlam uşaq dünyaya gətirdi. 4 müxtəlif ağır xəstəliyi var idi : Toskoplazmoz, qanın laxtalanması, immunoloji faktor və xolestatik hepatoz- qadının qaraciyərinin funksiyası pozulmuşdu, bu da dölü zəhərləyirdi. Bu xəstəliyin hər biri öz-özlüyündə uğursuz hamiləliyə səbəb ola bilərdi.

2 dəfə keysəriyyə əməliyyatına düşüb, 2 uşağı da ölmüşdü. Son hamiləlikdə bütün problemlər araşdırılmiş, proflaktik  və müalicəvi tədbirlər aparılmış və nəticədə qadın ana ola bilmişdi.
 
 
 Doğuş döl üçün çox böyük bir  imtahandır.
Bu imtahana  yalnız sağlam, güclü döl dözə bilər. 
 
-  Siz də keysəriyyəyə üstünlük verənlərdənsiz, xəstənin istəyi ilə əməliyyat edirsiz, yoxsa təbii doğuş tərəfdarısız?
 
-  Xeyr. Axır vaxtlar belə məlumat yayırlar ki, həkimlər pul üçün keysəriyyə edir, doğuşdan qaçır. Siz bir dəfə keysəriyyə əməliyyatından çıxan həkimin üzünə baxsanız, nə hisslər   keçirtdiyini  görsəniz, bilərsiniz ki,  keysəriyyə asan bir şey deyil. Özəl sektorda çalışanlar üçünsə fərqi yoxdur: doğuş, keysəriyyə.
 
Söhbət ondan gedir ki, hazırda respublikada olan tibbi təhcizat, müasir aparatlar dölün patologiyasını daha erkən aşkarlamağa imkan verir. Əgər hələ doğuş başlamamış hipoksik vəziyyəti müəyyənləşdiririksə, biz o dölü təbii doğuşa buraxmamalıyıq. Çünki döl doğuşda zədələnəcək,  sağlam doğulmayacaq. Doğuş döl üçün çox böyük bir  imtahandır. O imtahana  yalnız sağlam, güclü döl dözə bilər. Keysəriyyə bu baxımdan döl üçün daha yumşaq, daha travmasız üsuldur. Hipoksiya varsa, doğuşda o dərinləşir, beyin zədələnir, uşaq xəstə doğulur. Ola bilər uşaq doğulan kimi normal görünür. Anaya diri uşaq verirlər. Amma uşaq inkişaf etdikcə onda nevroloji qüsurlar, hərəkətində, əqli inkişafında, başla, beyinlə əlaqədar müəyyən problemlər yaranır və ana illərlə nevroloq qapısı  döyür. Bəzən isə  hətta bu da nəticəsiz qalır.

Mən hələ 20 il əvvəl Xətai doğum evində Kardiotaxoqraf istifadə edirdim. Kardiotaxoqraf dölün rezervini aşkarlamaga yardım edir. Dölün doğuşa nə dərəcədə tab gətirəcəyini müəyyənləşdirməyə kömək edir.

Vaxtı ilə stasionarda işləyərkən bir il ərzində  keysəriyyə kəsirinin səviyyəsini 2 dəfə artırmişdım. Bunu mənə irad tutanlar da olmuşdu. Lakin o şəxslər nəzərə  almamşdı ki  həmin dövrdə  yenidoğulmuşların uşaq nevroloji stasionarına köçürülməsi halları 12 dəfə azalmışdı. Doğum evindən uşaq nevroloji xəstəxanasına köçürülən körpə  artıq xəstə uşaqdır. 

Perinatal təbabət deyilən elm var. Onun əsasları bizə gec çatıb. Bu günkü gündə şərait var, aparat var, sadəcə perinatal təbabətin prinsiplərinə düzgün əməl edən kadrlar olmalıdır.

Ancaq unutmaq olmaz ki, keysəriyyə özü də hər bir cərrahi müdaxilə kimi orqanizm üçün stressdir və ona göstəriş əsaslı olmalıdır. Xəstənin, dölün vəziyyətini  düzgün qiymətləndirib qərar verilməlidir. Çox qadınlar var ki, lazımsız yerə kəsilir, çox qadınlar var ki, nahaq təbii doğuşa salınıb. 
 
-    Hazırda gənclərdə, uşaqlarda geniş diabet yayılıb. Deməli onların ana olmaq şansı var? 
- 
- Nəinki hazırda, bir neçə illər əvvəl də şəkərli diabeti olan qadınlarımız sağlam uşaq dünyaya gətirirdilər.  Bunun üçün hamiləlik boyu düzgün müalicə olunmalıdır.  Belə hamiləliyi mama-ginekoloqla bərabər endokrinoloq da müşahidə edir. Hamiləlik baş verən kimi bu xəstələri bir qayda olaraq insulinə keçirdirlər.

Ciftin hormonları kontrinsulyar hormonlardır. Cift normal inkişaf etdikdə qadının insulinə tələbatı artır. Bu tələbatı endokrinoloq təyin edir, insulin dozası tənzimlənir. Nə qədər ki, bu doza artır, narahat olmağa dəyməz. Nə zaman ki, bu tələbat dayanır, aşağı düşür, o zaman təcili tədbir görməliyik. Deməli, cift artıq işləmir.

Diabetin müəyyən xüsusiyyətləri var və hamiləlik zamanı bu xüsusiyyətlər həkim tərəfindən aşkarlanaraq korreksiya edilməlidir. Bu tədbirlər düzgün aparıldıqda nəticədə diabeti olan qadin da dünyaya saglam uşaq gətirə bilir.
 
Hepatitlər, qaraciyəri, ödündə problemi olan qadınlar da sizin  fəaliyyət sahənizə daxildirlər.
 
Bəli,  ancaq bu qadınların da hamiləliyi 9 ay boyunca  düzgün tənzimləndikdə onlar da  xoşbəxt ana ola bilirlər.
  
25  il əvvəl qanin laxtalanma problemi nəticəsində yaranan fəsadlar lazimi qədər öyrənilmədiyindən, bu bəzi qadinların ana olmasına mane olurdu. Sonra  elmin inkişafı nəticəsində bu məsələlər həll olundu. O xəstələr də indi tam sağlam uşaq dünyaya gətirir. Biz bunu korreksiya edə bilirik,  cünki bunun üçün  çox gözəl,müasir dərmanlar da var.
 
-  Bəs epilepsiyalı xanimlar , necə ana ola bilərlərmi?
 
-Bu xəstələr də ümüdsüzlüyə qapanmasınlar. Epilepsiyadan əziyyət çəkən qadın hamiləlik dövründə düzgün müalicə olunursa, onun övladi  dünyaya saglam  gəlir.
 
 Nəzərə almaq lazımdır ki, epilepsiyalı qadını hamiləlik boyu sağaltmaqla məşğul olmuruq,  xəstəlik olduğu kimi  qalır. Biz dölə yardım edirik. Bunun üçün ana ilə dölün arasındakı qan dövranını tənzimləyən preparatlar təyin edirik, dölü hipoksiyadan qoruyuruq. Nəticə etibari ilə ananın istənilən patologiyası döldə hipoksiya yaradır.
 
Hər bir patoloji hamiləlikdə məqsəd dölü bu hipoksiyadan qorumaqdır. Çünki dölü ən çox yaralayan uzun müddətli hipoksiyadır.  Və istənilən patologiyada dölü  həmin hipoksiyadan qoruyaraq biz onun dünyaya saglam gəlməsinə şərait yaradırıq.
 
 

 
 
Hamilə kimya zavodu deyil ki, ona bir aptek dərman yazasan.

 
Son zamanlar analar il baxışdan sağlam uşaq dünyaya gətirir, amma 2 yaşından sonra nitqində gerilik, autizm və s. meydana çıxır. Bunun da səbəbi tam aydınlaşmayıb. Mən serebral iflicli uşaqların anaları ilə ünsiyyətdə olanda onların çoxu etiraf edirdi ki, uşaq ana bətnində olanda , 8 ayına kimi normal idi, doğuldu belə oldu. Doğuşda havasız qaldı. Çoxu keysəriyyədən şübhələnir ki, başına, beyninə nəsə oldu. Belə ağır nevroloji fəsadların səbəbini də hipoksiyada axtara bilərikmi?
 
 - Kəskin hipoksiyadan uşaq çıxır. Lakin  uzun müddət  beyin oksigen aclığı keçirtdiyi zaman ortaya çıxan hipoksiyada , yəni-xroniki hipoksiya zamanı fəsadlar ola bilər. Keysəriyyədə belə  hallar olmur.  

Ümumiyyətlə, hamiləlik zamanı hipoksiyanın aşkarlanması çox vacib məqamdır. Bu vəziyyət aşkarlandıqda adekvat tədbirlər görülməlidir. Yaşamaga qadir olan döl şəraitində ən adekvat hərəkət onu ana bətnindən xaric edərək müalicə etməkdir.
 
-  Hamilə qadınlara həm öncədən, həm  də bütün hamiləlik boyu müxtəlif BAD-lar, vitaminlər, minerallar yazılır ki, lazımdır. Çoxu da yeni firmaların. Bu süni, sintetik əlavələrin ziyani və  xeyri nə dərəcədədir?
 
- Azərbaycanda il boyu günəş,  meyvə-tərəvəz, göyərti var.  Bura məgər Antarktidadir, Skandinaviyadir?. Mən çalışıram hamiləyə  heç bir artıq dərman verməyim. Hər bir dərman əsaslandırılıb, təyin olunmalıdır. Hamilə kimya zavodu deyil.

- Həkim, bəs polip, mioma, endometrioz, kista kimi xəstəlikləri olan qadınların problemləri nədən qaynaqlanır?

-  Hormonal pozuntulardan, estrogen hormonunun digər hormonlar üzərində artmasından. 
Klimakterik dövrdə entometrium hiperplaziyaları diqqətdə saxlanılmalıdır. Bəzi yumurtalıq kistləri, fibriomalar, poliplər bu qadınlar üçün kllimakterik dövrdə onkoloji risk daşıyır. Bunun profilaktikası ilə də məşğul oluruq.  Orqandan nümunə götürüb, hüceyrələrin səviyyəsinə baxırıq, o nəticədən asılı olaraq qadına müalicə təklif edirik. Hüceyrələr təhlükəlidirsə, gələcəkdə onkologiyaya çevriləcəksə, qadına həmin orqanın kəsilməsi məsləhət görülür. Bir az artıq və gur aybaşısı olan qadınlar bunun səbəbini araşdırmalıdır.

Hazırda dünyada tanınmış və Avropada çox tətbiq olunan  Mirena müalicəvi spiralı var, levonorgestirolu sutka ərzində orqanizmə buraxır. Bunun analoqu  əvvəllər sintetik progestinlər idi. Bu dərmanların qəbulu kifayət qədər fəsadlı idi. İndi həmin dərmanı spiralın içinə yerləşdiriblər və təsirini ancaq yerli göstərir. Bu  spiralın əhəmiyyəti ondan ibarətdir ki, bir çox hallarda əməliyyatdan qaçmağa imkan verir. Xəstə  bu spiraldan istifadə edir və orqanın götürülməsinə ehtiyyac qalmır.

Klimakterik dövrdə yumurtalıqlarda qeyri -normal follikullar görürüksə, bu normal deyil. Endometrium şişkinliyi görülürsə, o qadın müayinə olunmalıdır.
Fibrioması götürülən qadınlar mütləq nəzarətdə olmalıdır.
Polip də onkoloji riskdir, mütləq götürülməlidir.

Yumurtalıqda formalaşmış kista varsa daha təhlükəlidir, çünki yumurtalıq hormonal orqandır. Və əməliyyatdan sonra qadın başlı başına buraxılmamalıdır. Biz kistanı, fibromimanı götürdük, amma səbəb orqanizmdə qalır. Ona görə  də sonrakı müşahidə vacibdir.  

Abortun özünü  də ustalıqla etmək lazımdır. Hazırda plastik kateterlər vasitəsi ilə abort olunur ki, bu da travmatizmə xeyli azaltmaga imkan yaradır.

-  İndi bir trend də var. Keysəriyyə zamanı ginekoloqlar abdominoplastika da təklif edir ki, qadını sallanmış qarından xilas etsin. Bu nə dərəcədə düzgündür?

-  Mən bunun əleyhinəyəm. Keysəriyyə əməliyyatı zamanı yara səthi kifayət qədər böyük olur, uşaqlığın daxili bütünlüklə yara olur. Abdominoplastikanın da öz təhlükələri var. 2  əməliyyatın eyni anda aparılması arzuolunan deyil. Bu çox risklidir. Mən şəxsən bunu etmərəm.

Həkimlə əlaqə:
(050) 214 53 14
 
 

AYGÜN M. 
MEDİCİNA