14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə TƏBİB-in dəstəyi və Respublika Endokrinoloji Mərkəz inin təşkilatçılığı ilə “Park Bulvar” ticarət mərkəzində “Gizli diabeti erkən aşkar et!” adlı maarifləndirici aksiya keçirilib.
"Medicina" xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Ağayeva və Mərkəzin struktur bölmə rəhbərləri, həmçinin əməkdaşları iştirak edib.
A.Nəsirov belə maarifləndirici tədbirlərin ictimai sağlamlığın qorunması və xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynadığını vurğulayıb.
Əhalidə şəkərli diabet xəstəliyi barədə məlumatlılığı artırmaq, gizli (erkən) diabetin vaxtında aşkarlanması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə baş tutan maarifləndirici aksiya çərçivəsində 280-ə yaxın vətəndaşa tibbi xidmətlər göstərilib.
Mərkəzin Laboratoriya şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanda qlükoza səviyyəsi ölçülüb, göstəriciləri normadan artıq olanlar üç aylıq şəkər -qlikohemoqlobin (HbA1c) təyin edilərək ilkin diaqnoz təyin olunub.
Həmçinin müayinədən keçənlərə tibb bacıları tərəfindən müraciət edənlərin arterial təzyiqi və nəbzi ölçülüb, bədən kütlə indeksi hesablanıb. Preddiabet və diabet aşkanlanan vətəndaşlara həkim-endokrinoloqlar tərəfindən tövsiyələr verilib, habelə qidalanma, fiziki aktivlik və diabetin profilaktikası barədə sağlam həyat tərzini təbliğ edən maarifləndirici materiallar paylanılıb.
MEDİCİNA.AZ