Gözün buynuz qişasının transplantasiyası əməliyyatları icra olundu - Toxumalar ABŞ-dan gətirilib

  • 2019.01.31 15:36
  • 8774 Baxış
Gözün buynuz qişasının transplantasiyası əməliyyatları icra olundu -  Toxumalar ABŞ-dan gətirilib

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri, oftalmoloq-cərrah, t.e.n. Xəlil Hüseynov tərəfindən 2019-cu il yanvarın 30-da iki pasiyentə gözün buynuz qişası uğurla transplantasiya olunub.


Medicina.az xəbər verir ki, toxumalar ABŞ-dan gətirilib və ilk mərhələdə təcili köçürülməyə ehtiyacı olanların əməliyyat olunması nəzərdə tutulub. Əməliyyat zamanı sağlam gözün buynuz qişasından kəsilib götürülmüş, diametri 6-9 millimetr dairəvi hissə resipiyentin (pasiyentin) sağlam olmayan buynuz qişasının əvəzinə köçürülüb.


Buynuz qişa gözün ən ön hissəsində yerləşən, işığı sındırmaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və sferik səthə malik olan toxumadır. Bu toxuma gözün ən qüvvətli işıq sındırma sahəsidir. Buynuz qişa işığı sındırma xüsusiyyəti sayəsində xaricdən gələn işığın torlu qişaya düşməsinə kömək edir. Buynuz qişa şəffaf və damarsız struktura malikdir.

 

Damarsız olmasına baxmayaraq, sinirlərin paylaşımı dəridən 300-400 dəfə daha sıxdır. Buynuz qişa göz yaşı və göz içi mayesindəki oksigen vasitəsilə qidalanır. Sinir lifləri sayəsində göz qırpma refleksi oyandırılır və buynuz qişa göz yaşı ilə hər zaman isladılaraq səthinin bütövlüyü qorunur.

 



 
Gözün buynuz qişasının transplantasiyası əməliyyatları icra olundu -  Toxumalar ABŞ-dan gətirilib