KT müayinəsi rentgendən 200 dəfə çox radiasiyalıdır, gələcəkdə xəstələrdə xərçəng törədə bilər - Anestesiolozdan AÇIQLAMA

  • 2019.07.29 18:24
  • 11791 Baxış
KT müayinəsi rentgendən 200 dəfə çox radiasiyalıdır, gələcəkdə xəstələrdə xərçəng törədə bilər -  Anestesiolozdan AÇIQLAMA
"Kompüter Tomoqrafiyasına hər xəstəni göndərmək doğru deyil. Əgər diaqnozu başqa müayinələr əsasında qoymaq mümkün deyilsə, son seçim kimi KT-yə müraciət etmək lazımdır. Hər insan il ərzində 3 mSv radiasiya qəbul edə bilər. 1 dəfə KT müayinəsində isə insan 7-10 mSv radiasiya alır. Adi rentgen çəkilişindən 200 dəfə və daha çox radiasiyaya məruz qalır. Xüsusilə, uşaqlar və qadınlar KT radiyasiyasına daha çox həssasdır. Bu xəstələr gələcəkdə xərçəngə tutula bilər”.


Medicina.az Publika.az-a istinadən xəbər verir ki, bunu tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov kolleqalarına müraciət edərək bildirib. 


Ş.Məmmədov bildirib ki, insultla bağlı 3 vacib müayinədən biri məhz KT-dir:


1. Oksigen saturasiyası. Əgər tənəffüs pozulubsa, dərhal süni tənəffüs aparatına qoşmaq üçün.


2. Qanda qlükozanın təyini. İlk saatlarda qanda qlükozanın yüksək olması hüceyrə ölümünü artırır. Qlükozanın aşağı səviyyədə olması isə daha qorxuludur.


3. Kompüter Tomoqrafiya. Təcili olaraq hemorragik insultu inkar etmək üçün. Çünki işemik və hemorragik insultların müalicəsi bir-birinə tamamilə ziddir.



Nəyə görə MRT-yə yox, KT-yə üstünlük vermək lazımdır? Axı KT ilk 24 saatda işemik insult göstərməyəcək? Səbəb belədir:


1. Bütün protokollar insult şübhəsi varsa, MRT yox, KT məsləhət görür.


2. MRT hər klinikada olmur. KT isə bir çox klinikalarda vardır.


3. KT ucuz müayinədir. MRT isə bahalıdır. Bu faktorun da protokolda KT-nin ilk seçim olmasına təsiri olub.


4. Ən əsas: KT müayinəsinin cavabı tez zamanda hazır olur. MRT isə uzun prosesdir.


Həkim bildirir ki, əgər xəstənin tənəffüsü KT zamanı pisləşsə ona yardım etmək, lazım gəlsə, intubasiya etmək, süni nəfəs aparatına qoşmaq mümkündür:

 

"MRT stolunun üzərində isə kardiopulmonar resuskitasiya aparmaq mümkün deyil. Həm də güclü maqnit sahəsinə görə bir çox tibb alətləri - elektrik sovurucu, larinkoskop, süni nəfəs aparatını MRT otağına salmaq olmur. Doğrudur, nadir klinikalar var ki, onlarda MRT üçün xüsusi süni nəfəs aparatı var. Məsələn Milli Onkologiya Mərkəzində beləsi mövcuddur. Lakin hətta o da azı 10 metr məsafədə qalmalıdır. Bu isə xəstəni süni tənəffüsdə ola-ola müayinə etməyi çətinləşdirir.


Daha bir sualın cavabını vermək istərdim: 24 saat ərzində işemik insulti göstərmədiyi halda, niyə KT-dən istifadə etməliyik? Bunun məqsədi insult görmək, ölçülərini, lokalizasiyasını dəqiqləşdirmək deyil. Məqsəd hemorragik insultu inkar etməkdir”.