Həkimlərin sertifikasiya imtahanı ləğv olunur? – Yeni qərar, 2 seçim...

  • 2025.12.03 11:55
  • 116 Baxış
 Həkimlərin sertifikasiya imtahanı ləğv olunur?  – Yeni qərar, 2 seçim...



Azərbaycanda həkimlərin sertifkasiya imtahanı və şəhadətnamə verilməsi ilə bağlı uzun müddətdən bəri davam edən mübarizəsi deyəsən, nəticə verməyə başlayır. Hər halda Baş nazir Əli Əsədovun ötən həftə imzaladığı yeni qərar belə deməyə əsas verir.
Məsələ burasındadır ki, mövcud qanunvericiliyə görə, tibbi fəaliyyətlə məşğul olan həkim 5 ildən bir sertifikasiya imtahanı verməlidir. Ancaq bu prosesin çətinliyi və lazımsızlığını önə çəkəın yüzlərlə həkim var. Eləcə də sertikasiya şəhadətnaməsinin verilməsi ilə bağlı qanunsuzluqlar xeyli vaxtdır gündəmdədir: bəzi həkimlər bunu saxta yolla alıblar. Belə ki, özəl klinikalarda sertifikasiyadan keçməmiş onlarla cərrah, həkim çalışır.

İndisə baş nazirin qərarı barədə. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası ilə bağlı Baş nazir Əli Əsədovun ötən həftə imzaladığı yeni qərara görə, davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib.

Bu qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 krediti topladıqda, şəhadətnamə əldə edəcəklər.

Bəs, bu qərarla sertifikasiya imtahanı ləğv olunur, yoxsa yenə də imtahan vermədən həkim kimi işləmək mümkün olmayacaq?

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən LOR cərrah, dosent Ramil Həşimli bildirib ki, bu qərarla həkimlər üçün yeni inkişaf dövrü başlayır.
“Sertifikasiya imtahanına buraxılmaq üçün həkimlər hər il 8 akademik gün təhsilə getməli idilər. 10 ildən çoxdur ki, bu qayda qüvvədədir. Həmin qaydaya görə, əgər həkimlər 240 bal toplayırdılarsa, sertifikasiya imtahanına buraxılırdılar. Onlar bu prosesdən narazı idilər. Testlərdə problem olurdu, bəzi mənbələr, suallar köhnə, proses stressli, çətin idi. Yaşlı həkimlər, rusdilli insanlar əziyyət çəkirdi. Bir həkim o testlərə necə avtomatik cavab verə bilərdi?

Bütün dünyada davamlı tibbi təhsil konsepsiyası var. Həkimlər tibbi fəaliyyət dövründə təqaüdə çıxana kimi özünü davamlı yetişdirməli, inkişaf etdirməlidir. Çünki səhiyyə, tibb çox dinamik sahədir. 10 il əvvəlki protokol, metod, müalicələr bu gün dəyişib. Hər il praktikada yeniliklər olur. Həkimin də vəzifə borcu bunu öyrənib, keyfiyyətli tibbi xidmət göstərməkdir.

Baş nazirin yeni qərarı ilə həkimlərin qarşısında 2 yol açılır. Həkim yenə il ərzində 8 akademik gün biliyini, təcrübəsini artırmağa sərf etməlidir: kursa getsin, müxtəlif konfranslarda, seminarlarda iştirak etsin, öyrənsin. 5 il ərzində onlar cəmi 250 saat – 40-42 gün oxumalı, konfranslara getməli, təkmilləşməli və buna uyğun ballar yığıb hesabat verməlidir. Əgər bunu etməzsə, onda həmişəki kimi sertifikasiya imtahanına girəcək".

Ramil Həşimli qeyd edib ki, bəzi həmkarları yeni qərardan narazıdır, onların bir sıra sualları var: "Digər peşələr, hətta müəllimlik həkimliklə eyni deyil. Riyaziyyatda fundamental dəyişiklik olmur, eləcə də tarix və ya coğrafiyada. Tibb isə ilbəil dəyişən elmi-praktik sahədir. Həkim pasiyentlə işləyir və sağlamlıq ciddi məsələdir. Həkimin müəyyən müddətdən bir rəsmi olaraq yoxlanması doğru fikridir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada var. Hazırda qəbul olunan qərarı tam oxusaq, görərik ki, həddən artıq mütərəqqi, bizim indiyə kimi üzləşdiyimiz problemləri həll edən qərardır. Həkimə daha çox şərait, azadlıq verir. Biz o qərarın həyata keçirilməsin təmin etsək, əminəm ki, effektivliyini görəcəyik”.






"Azərbaycan Tibb jurnalı"nın baş redaktorunun müavini Fuad İslamzadə isə yeni qərarın mahiyyətini belə açıqladı:



“Sertifikasiya imtahanı ləğv olunmur. Sadəcə, əvvəllər həkimlər mütləq 5 ildən bir bu imtahanı verməli idilər, əks təqdirdə həkim kimi fəaliyyət göstərə bilməzdilər. Amma indi onlar konfrans, seminar, konqresslərdən, eləcə də məqalələrlədən il ərzində 50 bal toplasalar, bu 5 ildə 250 bal edir.

Nəticədə onlar imtahandan azad olunurlar. 5 il ərzində 250 balı toplamayan və ya fəaliyyətdə olmayan həkimlər mütləq imtahandan keçməlidir. Eləcə də imtahanda iştirak etmək üçün Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 həftəlik kurs keçməlidirlər. Bu kurs dövlət müəssisələrində çalışanlar üçün pulsuzdur, özəl həkimlər üçün ödənişlidir. Beləliklə, kredit ballarını toplamaqla, imtahandan azad olmaq mümkündür. Yeni qərarla sertifikasiya məsələsində yumşalma var. Bu, həkimlərin davamlı peşə hazırlığını artırmaq üçündür”.

Aygün Musayeva
MEDİCİNA.AZ