Qazlı içkilər, peçenye və kolbasa bağırsaq xərçəngi riskini artırır
Uşaqlar, xüsusən oğlanlar və kişilər şirniyyat, qazlı içkilər və kolbasa istehlakını mümkün qədər məhdudlaşdırmalıdırlar.
“Medicina” xəbər verir ki, amerikalı tədqiqatçıların son araşdırmasına görə, peçenye və ekler, qazlı içkilər, kolbasa, salami və müxtəlif növ şirniyyatlar kişilərdə bağırsaq xərçəngi riskini artırır.
Bunlar ultra emal olunmuş qidalardır, bu kateqoriyaya həmçinin hazır şorbalar, şirin və duzlu qəlyanaltılar da daxildir. Amerikalı tədqiqatçılar təxminən 46.000 kişi və 160.000 qadını əhatə edən uzunmüddətli müşahidə tədqiqatının məlumatlarını araşdırdılar.
Tədqiqat iştirakçıları 28 il ərzində izlənildi və bu dövrdə onların arasında 3216 yoğun bağırsaq şişi halı müəyyən edildi. Bostondakı Tufts Universitetinin tədqiqatçıları iştirakçıların pəhrizlərini hər dörd ildən bir doldurduqları anketlərdən istifadə edərək qiymətləndiriblər.
Məlum olub ki, ən çox ultra emal olunmuş qidalar istehlak edən kişilərin yoğun bağırsaq xərçənginə tutulma ehtimalı ən az yeyənlərə nisbətən 29% daha yüksəkdir. Qadınlar arasında belə bir əlaqə tapılmayıb.
Lakin tədqiqatçılar ultra emal olunmuş qidaların alt qruplarını araşdırdıqda, ən çox emal olunmuş qidalar istehlak edənlərin yoğun bağırsaq xərçənginə tutulma riskinin ən az yeyənlərə nisbətən 17% daha yüksək olduğunu aşkar ediblər.
Aygün Musayeva