"Hər süni tənəffüs aparatına qoşulan koronavirus deyil"- Canəli Əkbərovun qızı

  • 2021.10.20 12:10
  • 1258 Baxış
"Hər süni tənəffüs aparatına qoşulan koronavirus deyil" - Canəli Əkbərovun qızı
Bu gün xalq artisti Canəli Əkbərovun koronavirusa yoluxması barədə xəbərlər yayılsa da, xanəndənin ailəsi bu xəbəri təkzib etdi.

Medicina.az xəbər verir ki, xalq artistinin qızı Sevinc Əkbərova atasının başqa xəstəlikdən səbəbindən evdə müalicə aldığını deyib.

“O xəbəri hansı şərəfsiz yazıb bilmirik. Canəli müəllimin xəstə olduğunu öyrənən jurnalist əvvəlcə zəng edib məlumatı bizimlə dəqiqləşdirməlidir. Yalan məlumatdır, əvvəla Canəli bəy koronavirusa yoluxsa idi, niyə onu ev şəraitində müalicə edirdik? Bu qədər cahilik ki, koronavirus xəstəsini evdə müalicə edək? Yoxsa xalq düşməniyik ki, hamını virusa yoluxduraq? Üstəlik, hər gün tələbələri gəlib onu ziyarət edir. Sizcə, ilin-günün bu vaxtında koronavirus xəstəsini tələbələri gəlib ziyarət edə bilər? Nəvələri və qohum-əqraba da yanındadır.

Əgər koronavirus xəstəsi olsaydı, biz onu ECMO cihazına qoşardıq, niyə evdə süni nəfəs aparatına qoşaq ki? Canəli Əkbərov 2 il əvvəl beyin insultu keçirib. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva sağ olsun, onun müalicəsinə dəstək oldu, 2 dəfə dövlət xətti ilə müalicə olundu. Onda da həkimlər məsləhət bildi ki, süni nəfəs aparatına qoşulsun. İndi də eyni hal təkrar olunub, həkim hərdən süni nəfəs aparatına qoşmağı tapşırıb. Hər süni nəfəs aparatına qoşulan koronavirus xəstəsi deyil. Hazırda evdədir, ev şəraitində müalicə alır”.