Hindistanın ölüm saçan dərmanları - Bakıdakı apteklər də imtina edəcəkmi?

  • 2022.10.11 17:53
  • 1704 Baxış
Hindistanın ölüm saçan dərmanları  - Bakıdakı apteklər də imtina edəcəkmi?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus Hindistan istehsallı dərman preparatları ilə bağlı xəbərdarlıq edib.


O, bu barədə Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

Baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur. Bu dərmanlardan istifadənin Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələndiyini vurğulayan ÜST rəhbəri söyləyib ki, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib.
Qebreisus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda da apteklərdə Hindistandan gətirilən dərmanlar satılır.
Maraqlıdır, həmin dərmanlar satışdan çıxarılacaqmı?

Məsələ ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla Bakupost.az -a açıqlamasında bildirib ki, ÜST-ün verdiyi anonslara və qərarlara səthi yanaşmaq olmaz.

Professor bildirib ki, dərman təhlükəsizliyi məhz milli təhlükəsizliyin tərkib hissəsidir:

"Ümumiyyətlə, hər bir ölkə özünün dərman strategiyası ilə bağlı düşünməlidir. Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Bu genefonda bağlı məsələdir. İkincisi, ölkəyə keyfiyyət parametrləri heç bir şübhə doğurmayan dərmanlar idxal edilməlidir. Bunun üçün xeyli mənbələr var. Qardaş Türkiyədən, Avropadan bu dərmanları gətizdirə bilərik. Həm də bəzi dərman pereparatlarını gətirib qablaşdırmaq mümkün deyil. Yəni, müxtəlif variantlar seçilə bilər ki, dərmanlar ölkəyə iqtisadi baxımdan əlverişli qiymətə gətirilsin. O dərman pereparatları haqqında ki müəyyən söhbətlər gəzir, bunlar heç də əsassız deyil".

A.Qeybula əlavə edib ki, zaman-zaman müəyyən dərmanların reyesterdən çıxarılmasının şahidi olmuşuq:

"Zamanında qara ciyər üçün Liv52 deyilən bir dərman vardı, bir müddətdən sonra həmin dərman pereparatı qadağan olundu. Qeyd edim ki, o da Hindistan istehsalı idi. Yəni, müxtəlif dərman pereparatları ola bilər ki, zaman-zaman araşdırmalardan sonra reyestrdən çıxarılsın. Əgər o dərman reyesterdən, deməli onu ölkəyə gətirib satmaq olmaz. ÜST-nın verdiyi anonslar, qərarlar əsassız deyil. Bu həm də Dünya üzrə XəstəlikləriəNəzarət və Profilaktika mərkəzlərinin verdiyi qərardır. Bu baxımdan çox diqqətli olmalıyıq. Mümkün qədər ölkəyə keyfiyyətli dərman pereparatların idxalına çalışmalı və yavaş-yavaş yerli istehsala keçməliyik".