Yüzlərlə həkimi aşağılayıb, işsiz qoymuşdu - Keçmiş TƏBİB sədrinə sərt ittihamlar

  • 2026.02.17 11:09
  • 352 Baxış
Yüzlərlə həkimi aşağılayıb, işsiz qoymuşdu -  Keçmiş TƏBİB sədrinə sərt ittihamlar


Üzeyir Seyidzadə
Vətən Müharibəsi Veteranı, həkim-stomatoloq

Vüqar Qurbanovun vəzifəsindən kənarlaşdırılması xəbəri sarsılmaz görünən divarların belə ilahi ədalət qarşısında necə aciz qaldığının növbəti sübutu oldu. Bu gəlişmə sadəcə bir kadr dəyişikliyi deyil, aylardır haqqı tapdalanan, əməyi görməzdən gəlinən və sistemli şəkildə sıxışdırılan peşəkar stomatoloqların mənəvi qələbəsidir.

"Həyat bumeranqdır" ifadəsi bəlkə də heç vaxt bu qədər yerinə düşməmişdi; vaxtilə yüzlərlə həkimi heç bir əsaslı səbəb göstərmədən işsiz qoyan, onları "pulu gizlətməkdə" və ya "savadsızlıqda" ittiham edərək brifinqlərdə aşağılayan bir rəhbərin bu gün özünün ixtisara salınması tarixin ən böyük dərslərindən biridir.



Səhiyyə sistemini bir idarəçilik mexanizmindən çox, şəxsi ambisiyaların poliqonuna çevirənlər unudurdular ki, ağ xalatlıların haqq səsi gec-tez ən uca zirvələrə çatacaq. Xaçmazdan olan fədakar həkimimizin dövlət tərəfindən verilən medalını geri göndərəcək qədər çarəsiz və incik duruma salınması, əslində bu idarəçilik uğursuzluğunun ən ağrılı simvolu idi. İndi isə Maliyyə Nazirliyinin apardığı yoxlamalar və ortaya çıxan mənzərə göstərir ki, kiminsə "qüsur" axtardığı o dürüst həkimlər deyil, məhz həmin sistemin başında duranların fəaliyyəti ciddi suallar doğurur. Və TƏBİB-in icraçı direktor bayrağını müvəqqəti ələ keçirən Anar İsrafilov da, Vüqarın sağ əli olduğunu nəzərə alsaq, “TƏBİB” adlı qurum kökündən ləğv olunmalıdır. Bu həm tibb işçilərinin, həm də vətəndaşların böyük sevincinə səbəb olacaq!

Biz inanırıq ki, Vüqar Qurbanovun gedişi TƏBİB-in daxilindəki "vüqarlı" və mərd həkimlərin mübarizəsini daha da alovlandıracaq. Bu, sona qədər gediləcək bir yoldur və biz haqqımızı tələb etməkdən bir addım da geri çəkilməyəcəyik.

Bu çətin dövrdə səsimizi eşidən, həkimlərin tərəfində duran Cənab Prezidentə minnətdarlığımızı bildiririk. İndi əsas hədəfimiz və gözləntimiz odur ki, kütləvi ixtisarlara məruz qalmış stomatoloqların məsələsinə yenidən baxılsın. Onların illərlə qazandığı təcrübənin məhv edilməsinə icazə verilməməli, həkimlərimiz Səhiyyə Nazirliyinin tabeliyində ləyaqətli iş yerləri ilə təmin olunmalı və İCBARİ TİBBİ SIĞORTA sisteminə inteqrasiya edilərək, QİSMƏN SIĞORTANIN TƏTBİQİ, xalqımıza xidmət etmək imkanı qazanmalıdırlar. İlahi ədalət öz yerini tapmağa başlayıb, indi növbə peşəkar bərpa və haqqın tam bərqərar olmasıdır.