İldə bir dəfə terapevtə niyə getməliyik?

  • 2025.09.10 15:33
  • 156 Baxış
İldə bir dəfə terapevtə niyə getməliyik?


Terapevt – müxtəlif xəstəliklərin ilkin mərhələdə aşkar olunmasında, ümumi vəziyyətin dəyərləndirilməsində və profilaktik tədbirlərin görülməsində əsas həkimdir.

Terapevt yalnız analiz və müayinələr aparmır, həm də insanın həyat tərzini qiymətləndirir. O, düzgün qidalanma, gündəlik hərəkət rejimi, stresin azaldılması və zərərli vərdişlərdən uzaqlaşmaq barədə faydalı məsləhətlər verir.

Bəs niyə ildə bir dəfə terapevtə getməliyik?

"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin müdiri Afət Zeynalova bildirib ki, bir çox xəstəliklər uzun müddət gizli şəkildə inkişaf edir və insan bunu hiss etmir:

“Çoxları yalnız narahatlıq və ya ağrı hiss edəndə həkimə müraciət edir. Halbuki, bir çox xəstəliklər uzun müddət gizli şəkildə inkişaf edir və insan bunu hiss etmir. Yüksək qan təzyiqi, şəkərli diabet, qaraciyər və böyrək xəstəlikləri, ürək-damar sistemi problemləri ilk mərhələlərdə əlamət verməyə bilər. Bu səbəbdən ildə bir dəfə terapevtə müraciət etmək və profilaktik müayinədən keçmək şərtdir”.

A.Zeynalova qeyd edib ki, profilaktik müayinənin əsas məqsədi xəstəlik tapmaq deyil, xəstəliklərin qarşısını almaqdır:

“ Sadə qan və sidik analizləri, şəkər və xolesterin göstəricilərinin yoxlanması, təzyiqin ölçülməsi, ürəyin EKQ müayinəsi, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi kimi rutin prosedurlar gizli problemləri vaxtında üzə çıxarır.

Əgər insanda artıq mövcud xroniki xəstəliklər varsa, terapevt onların gedişini izləyir, müalicənin düzgün aparıldığını qiymətləndirir və lazım gələrsə, müalicə taktikasını dəyişir. Bundan başqa, terapevt həyat tərzi, qidalanma, fiziki aktivlik, yuxu rejimi və zərərli vərdişlərlə bağlı tövsiyələr verir.

Buna görə də, ildə bir dəfə terapevtə müraciət etmək hər bir insan üçün sağlam həyatın ayrılmaz hissəsi olmalıdır".

Aygün M.