İnsanlar nəqliyyatda maska qadağasına pul tələsi kimi baxır - Millət vəkili

  • 18 Apr 2022 16:29
  • 732 Baxış
İnsanlar nəqliyyatda  maska qadağasına pul tələsi kimi baxır   - Millət vəkili


“Ölkədə pandemiyanın göstəriciləri demək olar ki, minimal rəqəmlərdir. Bu o deməkdir ki, artıq pandemiya bitib. Bu səbəbdən də digər karantin qadağaları kimi qapalı məkanlarda maska taxmaq qadağası da ləğv olunmalıdır”.

Bunu Bakupost.az -a millət vəkili Müşfiq Cəfərov qapalı məkanlarda maska tələbinin ləğvi ilə bağlı danışarkən deyib:

Millət vəkili bildirib ki, insanlar artıq maska tələbini sırf pul tələsi kimi qiymətləndirir:


“Biz deyirik ki, pandemiya azalıb, əslində, azalmayıb. Pandemiya bitib desək, daha doğrudur. Bunu hazırkı göstəricilərə görə qeyd edirəm. Dünya təcrübəsinə baxsaq görərik ki, 40-50 nəfərlik statistik nəticələrlə pandemiyanı bitmiş hesab edirlər. Bütün qadağaları da ləğv edirlər.Düşünürəm ki, maska tələbi absurddur.

Üstəlik xoş olmayan mənzərələrlə də qarşılaşırıq. Xüsusilə, ictimai nəqliyyatda DİN əməkdaşları ilə sərnişinlər arasında gərgin anlar baş verir. İnsanlar tərəfindən bunun sırf pul tələsi kimi qiymətlərindirilməsinə səbəb olan bu qadağa ləğv olunmalıdır. Hazırda pandemiyanın heç bir qorxusu yoxdur, üstəlik, müharibələrin və pandemiyanın səbəb olduğu çətin şəraiti də nəzərə alsaq, insanları cərimələyib, incitmək mənasıdır. Təklif edirəm ki, bu məsələdə dünya təcrübəsinə baxaq və onlarda olduğu kimi bunu cərimə halına gətirməyək, könüllü olsun. Necə ki bəzi ölkələrdə bu tələb ya tamamilə aradan qaldırılıb, ya da maska var, lakin cərimə yoxdur”.


M.Cəfərov quru sərhədlərin açılmasının da zəruri olduğunu bildirib:

“Quru sərhədlərin bağlı qalması hazırkı dövrdə lazımsız bir qadağadır. Hazırda vətəndaşlarımız Rusiyadan və digər qonşu ölkələrdən quru yolla Azərbaycana gələn bilmirlər. Bu da haqlı narazılıqlara səbəb olur. Tezliklə maska və quru sərhədlərin bağlı qalması tələbi ləğv olunmalıdır. Milli Məclisdə karantin cərimələrinin silinməsi təklif olundu. Mən də bu təklifə dəstək oluram və düşünürəm ki, bu cərimələr silinsə, daha yaxşı olacaq. Bu dövlətimizin apardığı əhalinin sosial rifahının yaxşılaşdırılması konsepsiyasının tərkibi olardı”.

Fəridə
Baku Post