“İnsanlarımızda özlərində qurd axtarmağa bir maraq, həvəs var” – Uzman terapevtlə MÜSAHİBƏ

  • 2020.01.24 15:35
  • 13665 Baxış
“İnsanlarımızda özlərində qurd axtarmağa bir maraq, həvəs var” –   Uzman terapevtlə MÜSAHİBƏ
“Mən öz uşağımda bu müayinənin keçirilməsinə icazə vermərəm. Çünki uşaqlarda udlaq, yemək borusu həssas olduğu üçün zədələnə bilər”.

Medicina.az-ın müsahibi daxili xəstəliklər uzmanı, terapevt doktor Həbib Sahratovdur.

Doktor 1988-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində ali təhsil alıb. Daha sonra 1996-2017-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim kimi fəaliyyət göstərib.

2001-2005-ci illərdə Gülhanə Hərbi Tibb Akademiyasında daxili xəstəliklər üzrə uzmanlıq dərəcəsi alıb. 2017-ci ildən bir neçə özəl klinikalarda işləyib. Hazırda “Leyla Medical Center”də fəaliyyətini davam etdirir.


Həkim mədə-bağırsaq sistemi xəstəlikləri ilə bağlı ən çox verilən sualları cavablandırıb:

- Doktor, uşaqlarda qastrit olurmu və neçə yaşdan başlayır? Hansı yaşdan sonra zond udmaqla müayinə etmək olar?
- Qastrit dediyimiz xəstəlik, mədənin selikli qişasının iltihabıdır. Bu iltihab kəskin və xroniki ola bilir. Kəskin qastrit uşaq, yaxud da böyük olsun, fərq etməz, hər hansı kəskin qidalar yedikdə əmələ gəir. Yanlışlıqla asid turşusu, yaxud başqa kimyəvi maddələr içərkən, mədənin selikli qişası zədələnə bilər. Uşaq yaşda isə bu, yeyilməsi qadağan olan qidaları yedikdə, mədənin iç divarında iltihab yaradır. Uşaqlarda xroniki qastrit olmur. Çünki xroniki qastrit qidalanma ilə bağlı yaranan və zamanla özünü göstərən növdür. Yəni, aylarla-illərlə yaranır. Uşağın narahatlıqları ciddidirsə, endoskopik müayinəyə müraciət etmək olar. Burada məqsəd mədənin iç divarlarını öz gözünlə görməkdir. Bu müayinə həm də qastritin dərəcəsini müəyyənləşdirmək, hansı hissələri tutub kimi suallara cavab tapmaq və həmin yerə uyğun müalicə tətbiq etmək üçün lazımdır.

Kiçik yaşlı uşaqlarda mədə ağrıları zamanı zonda ehtiyac olmur. Ola bilər ki, uşaq səhvən metal tipli nə isə udar və onu çıxarmaq üçün istifadə oluna bilər. Endoskopik müayinə kiçik yaşlı uşaqlar üçün məsləhət görülmür. Şəxsən mən öz uşağımda bu müayinənin keçirilməsinə icazə vermərəm. Çünki uşaqlarda udlaq, yemək borusu həssas olduğu üçün zədələnə bilər. Lakin ciddi problemlər varsa və xəstəlik müalicəyə cavab vermirsə, endoskopik müayinəyə müraciət etmək olar.

- Qastrit sonradan xərçəngə çevrilə bilərmi? Son illər mədə xərçəngi olanların sayında azalma, yaxud artmalar müşahidə edirsinizmi?
- Qastritin xərçəngə çevrilməsi ehtimalı azdır. Qastrit, yaxud yara-xora varsa, endoskopik müayinə ilə selikli qişadan biyopsiya götürülür. Nəticədə helikobakter pilory dediymiz mikrob aşkarlansa, ona yönəlik müalicələr aparılır. Bu bakteriyanın pozitiv olanı qastrit xəstəliyinin gələcəkdə onkoloji xəstəliyə çevrilmə riskini göstərir. Bunun baş verməsi isə 20-25 ilə qədər çəkir.

- Endoskopiya və kolonoskopiyanın zərərləri varmı? Çox insan endoskopik və kolonoskopik müayinələrdən çəkinir. Bu qorxu nə ilə əlaqədardır?
- Mədə-bağırsaq xəstəliklərinin müayinəsində müxtəlif müayinə metodları var. Məsələn, xəstəyə mel (barium sulfat) içizdirib, rentgen müayinəsi etdirmək, yaxud da kontrastlı maye içizdirib mədə-bağırsağı rengenoqrafiya etmək müayinələri vardır. Lakin endoskopik müayinə “qızıl standart” hesab edilir. Endoskopiya üsulu ilə mədə divarında olan prosesləri gözlə görüb, real dəyərləndirmə olunur, kolonoskopiya yolu ilə isə bağırsaqlarda olan patalogiyaları dəqiq görə bilirik. Yəni bu müayinələr önəmlidir və xəstələrin bundan qorxmaması lazımdır. Əlbəttə, bir qədər psixoloji təsir edən müayinə növləridir. Amma şikayətlər önəmlidirsə, mütləq bu metodla müayinə aparılmalıdır. Hazırda hər iki müayinə sedasiya, insan qısamüddətli yuxuya verildikdən sonra aparılır və demək olar ki, o heç nə hiss etmir.

- Narkozla zond udmağın əks göstərişi, zərəri varmı?
- Endoskopik müayinə narkozlu və narkozsuz aparıla bilər. Bəzən xəstələrimiz olur ki, müayinədən çəkinir, qorxur. Yaxud elə xəstəliklər olur ki, bununla əlaqədar narkozla müayinə daha məsləhətlidir. Bu zaman xəstə narkozla qısa müddətlik yatırılır və müayinəsi aparılır. Bu müayinənin orqanizmə zərəri yoxdur.

- Reflüks (qıcqırmanın) müasir müalicəsi necə aparılır?
- Bu xəstəlik mədə-bağırsaq xəstəliklərinin ən problemlilərindən hesab edilir. Mexanizmi belədir ki, yemək borusunun mədəyə girən yerində olan sfinkder tamamən qapanmır. Bu zaman mədə möhtəviyyatımız yemək borusuna doğru qalxır. Yemək borusunda bu proses uzun müddət davam etdiyi üçün həmin asit yemək borusunun divarlarında problem yaradır.

Müasir müalicəsi deyərkən nəzərə almaq lazımdır ki, reflüksün birdəfəlik müalicəsi yoxdur. Amma bəzi dərman preparatlarından daimi olaraq istifadə etmək məsləhət görülür. Bu preparatlar mədə turşuluğunu azaldır. Xəstə bu dərmanları bəzən həyatı boyu istifadə edir. Bundan əlavə, xəstəyə pəhriz məsləhət görülür. Belə xəstələrin özəlliklə gecə yatarkən başlarının altının bir az daha hündür olması məsləhət görülür. Bu tədbirlərlə reflüks xəstəliyini idarə etmək olur.



- İnsan gecə yeyib yatanda reflüks, qıcqırma və qastrit kəskinləşirmi?
- Ümumiyyətlə, gecə saatlarında ağır yemək məsləhət görülmür. Yatmazdan 4-5 saat əvvəl artıq yemək yeməmək lazımdır. Çünki biz yatarkən digər orqanlarımız yatdığı kimi, mədə-bağırsaqlarımızın funksiyası da zəifləyir. Ona görə bura yığılmış qida maddələri yaxşı həzm olunmur, narahatlıq verir. Qastrit və reflüks kimi xəstəlik varsa, daha çox narahat edir. Bu səbəbdən gec saatlarda yemək məqsədəuyğun hesab edilmir.

İnsanları narahat edən KÖP

- Köpün səbəbini birinci hansı orqanda axtarmaq lazımdır? Köp zamanı zondla mədə-bağırsağın müayinəsi vacibdirmi?
- Köp elə bir simptomdur ki, mədə-bağırsaq xəstəliklərinin hamısında görünə bilir. Həzm prosesində olan problemlərdən dolayı bizim qəbul etdiyimiz qidalar tam həzm oluna bilmir və qaz yaranır. Demək olar ki, bir çox xəstəliklərdə: qastrit, mədə yaraları, xora, qaraciyər xəstəlikləri, mədəaltı vəzinin xroniki xəstəlikləri, öd kisəsinin xəstəlikləri, xroniki hepatitlərdə və s. köp müşahidə olunur.
Müalicəsi zamanı iki şey nəzərə alınmalıdır: diaqnozu dəqiq qoyulubmu və diaqnozdan sonra edilən müalicə yetərlidirmi. Düzgün diaqnoz qoyulubsa və yetərli müalicə olunursa, köp xeyli azalır. Köpü olan xəstəyə endoskopik müayinə lazımdır.

- Spirtli və energetik içkilər, trans yağlar və s. mədəni necə sıradan çıxarır?
- Enerji, spirtli və rəngli içkilər mədə-bağırsaq sisteminə ciddi təsir edir. Təbii, 1-2 dəfə içməklə heç bir ciddi təsir göstərməsələr də, davamlı içmək ciddi problemlərə gətirib çıxarır. Əvvəlcə mədənin selikli qişası zədələnir, sonra qaraciyərdə, bağırsaq sistemində narahatlıq yaradır. Lakin mədə üçün nəzərdə tutulan sodası yüksək və rəngsiz qazlı içkilərin hiperaktiv mədə turşuluğu yüksək olan qastritlərdə faydası var.

“Tək kartof suyu ilə mədəni müalicə etmək olmaz”

- Mədəni kartof şirəsi, yaxud hər hansı qida, pəhriz, müalicəvi bitkilər bərpa edə bilirmi?
- Bəzən xəstələrimlə danışarkən bildirirlər ki, kartofu çəkib suyun içirlər. Kartofun tərkibində nişasta (kraxmal) olduğu üçün, suyunu içdikdə o, mədəmizin divarını bir qoruyucu baryer kimi örtür. Bundan sonra yediyimiz qidalar bizim mədəmizin selikli qişasına təsir etmir. Eynən bu tərkibli dərmanlar kimi təsir edir. 10-15 gün kartof suyu içən xəstələrin mədəsindəki yara və qastrit təmizlənir. Lakin yenidən yaranması ehtimalı da yüksəkdir. Ona görə, tək başına kartof suyu ilə müalicə yetərsizdir və tam effekt vermir. Bu xəstəliklərin müalicəsində qəbul olunmuş dərmanlar var. Ondan istifadə etmək mütləq şərtdir.

- Mədə-bağırsaq problemlərinin allergiyaya nə dərəcə təsiri var?
- Elə bir ciddi əlaqəsi yoxdur. Yəni, hər hansı bir mədə-bağırsaq xəstəliyi allergiya verir deyimi, belə deyək, nağıldır. Bunlar tamamilə ayrı-ayrı səbəblərdən yaranan xəstəliklərdir.

- Mövsümlə əlaqədar kəskin respirator virusları uşaqlarda qusma, ishal, yüksək hərarət və qıcolmalarla özünü büruzə verir. Bu hal mədə-bağırsaq sistemində daha kəskin xəstəliklərə səbəb ola bilərmi? Bəs necə normala qaytarmaq olar?
- Bəli, ola bilər. Mədə-bağırsaq sistemi xəstəliklərinə keçirilmiş hər hansı respirator virus təsir edə bilər. Xüsusilə, uşaqlar və yaşlılarda bu viruslar ciddi fəsadlar verir, çoxlu maye itirilməsinə gətirib çıxarır. Bundan başqa, mədə-bağırsaq pozğunluğu, qastrit, mədənin selikli qişası zədələnə bilər. Bəzi viruslar hətta qaraciyəri zədələyib, hepatit tablosu yarada bilər. Virus keçirmiş birində mədə-bağırsaq problemi davam edərsə, o zaman özləri müdaxilə etməsin. Yaxşı olar ki, həkimə müraciət etsinlər. Bəzən belə hallarda xəstə reanimasiya şöbəsinə yatırılmalı, bəzən infeksia şöbəsində müalicə almalıdır. Xəstəyə yetəri qədər maye köçürülməli, elektrod balansı bərpa olunub, uyğun antibiotiklərlə müalicəyə başlanılmalıdır.

- Kor bağırsaq iltihabının əməliyyatsız müalicəsi bizim üçün nə dərəcədə əlçatandır? Ümumiyyətlə, əməliyyatsız preparatlarla müalicə mümükündürmü?
- Kor bağırsaq dediymiz şey, bağırsağımızda olan bir çıxıntının iltihabıdır. Doğrudur, iltihabi xəstəliklər antibiotiklərlə də müalicə olunur. Apendisit yüngül bir iltihabi prosesdirsə, antibiotik müalicəsi verib onun irəliləməsinin qarşısını almaq olar. Amma bu bölgə tamamilə iltihablaşıbsa, yaxud da iltihablaşma irinləyibsə, artıq orada dərman müalicəsi mümkün deyil. Buna görə də dərman müalicəsi üçün o riski gözə almaq lazımdır. Çünki antibiotiklərlə iltihab sovrulmaya və apendikulyar hissə partlaya bilər.

- Bağırsaqda qurd (lyamblioz) axtarışı və müxtəlif qurd dərmanları içmək nə dərəcədə lazımdır? Mədə xəstəliklərinə qurd ve parazitlər səbəb olurmu?
- İnsanlarımızda özündə qurd axtarmağa sanki bir maraq var. Bəzən 25-30 yaşında pasiyent gəlib deyir ki, qurdum olmasından şübhələnirəm. Sual edirəm, nəyə görə şübhələnirsən? Deyir iştahım yoxdu, qarnımda ağrılar var və s. Bunlar tam əsassızdır. Parazital xəstəliklərə çox nadir hallarda böyük adamlarda rast gəlinir. Bunlar adətən uşaqlara xas olan xəstəliklərdir. Çünki uşaqlar təmizliyinə doğru fikir verməz, tez-tez ələrini yumaz və s. ona görə də qurd yumurtaları bağırsağa keçərək, parazital xəstəliklər əmələ gətirir.



- Azərbaycanda mədə-bağırsaq xəstəliklərindən ilk 3 yerdə hansılar gəlir?
- Ən çox rast gəlinən mədə-bağırsaq xəstəliyi qastritdir. Bundan sonra mədə və oniki barmaq bağırsağın xorasıdır. Üçüncü isə kolit xəstəliyi (yaralı kolit) gəlir. Təəssüf ki, indi mədə-bağırsağın onkoloji xəstəlikləri də çoxalıb.

- Uşaq həkiminin ve terapevtin mədə-bağırsağı müalicə etməsinə münasibətiniz necədir? Mədə-bağırsaq xəstəliklərini kim müalicə etməlidir?
- Uşaq xəstəlikləri ilə birbaşa olaraq pediatrların maraqlanması daha yaxşı olar.. Xüsusilə, mədə-bağırsaq xəstəliyi olan uşaqlara pediatrın müayinəsi və müalicəsi məqsədəuyğundur. Terapevtlər isə uşaqların yüngül xəstəliklərini müalicə edə bilər. Məsələn, soyuqdəymə, öskürək, bronxit, pnevmanya və s. Ciddi xəstəliklər varsa, pediatrlar daha məsləhətdir. Terapevtlər pediatrlar qədər uşaqlarla ciddi məşğul ola bilməz.

Həkimlə əlaqə:
055-850-03-69

Afaq Rza