İrandakı ekoloji fəlakət Azərbaycana da təsir edəcək – Ekoloqdan ilginc açıqlama

  • 2026.03.09 18:03
  • 222 Baxış
İrandakı ekoloji fəlakət Azərbaycana da təsir edəcək  – Ekoloqdan ilginc açıqlama



Artıq 10 gündür ki, İran, İsrail və ABŞ arasında hərbi qarşıdurma davam edir. İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, fevralın 28-dən etibarən İranda davam edən hərbi əməliyyatlar nəticəsində 1255 nəfər həyatını itirib, 12 mindən çox insan yaralanıb.

Müharibə təkcə insan itkiləri ilə deyil, ekoloji vəziyyətə təsiri ilə də narahatlıq doğurur. Özbəkistanın bəzi media qurumlarının yaydığı məlumatlara görə, İranın neft emalı zavodları və yanacaq anbarlarına endirilən zərbələrdən sonra yaranan qara tüstü buludu Mərkəzi Asiya və Çin istiqamətində hərəkət edir. Monitorinq məlumatlarına əsasən, Özbəkistan, Qazaxıstan və Qırğızıstan potensial risk zonasında ola bilər. Mütəxəssislər bildirirlər ki, buludun yayılma istiqaməti əsasən hava şəraiti və küləyin istiqamətindən asılıdır və buna görə vəziyyət izlənilməkdədir.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, regionda baş verən hərbi əməliyyatlar ekoloji təhlükələri daha da artırır.


“ABŞ və İsrail heç bir insan sağlamlığını nəzərə almadan uzun illərdir Yaxın və Orta Şərqdə hərbi əməliyyatlar həyata keçirir. Bu proseslər zamanı ağır bombardmançı təyyarələrdən istifadə edilir və nəticədə böyük miqdarda zəhərli maddələr atmosferə buraxılır. Bu cür hadisələrin təsiri təkcə müharibə gedən ərazilərlə məhdudlaşmır, daha geniş regionlara da yayılır”.
Ekoloqun sözlərinə görə, hazırda həm Bəsrə körfəzində baş verən hadisələr, həm də Tehranda neft anbarlarının vurulması nəticəsində yaranan tüstü və zəhərli qazlar region ölkələrinə də təsir edəcək:
“Cənub və cənub-şərq, cənub-qərb istiqamətindən əsən küləklər həmin ərazilərdə yaranan zəhərli maddələri böyük məsafələrə daşıyır. Bu baxımdan çirklənmənin təsiri Şimali Qafqaza qədər çata bilər. O zaman biz də ekoloji fəlakətin təsiri altına düşəcəyik. Burada şübhəsiz ki, zəhərlənmədən qoruna bilmərik. Çünki neft, karbohidrogen tərkibli yağıntılar bir gün bizim də başımıza yağacaq”.

Qorxmaz İbrahimli bildirib ki, bu vəziyyət Azərbaycan üçün olduqca təhlükəlidir:

“Təsəvvür edin, hələ orada nüvə partlayışı baş verərsə, bu, mütləq bizə təsir edəcək. O cümlədən də hazırkı çirklənmə bizim havamızı da çirkləndirəcək. Tehran zatən havası çirkli olan böyük şəhərlərdən biri idi, indi orada neft çənlərinin partladılmasından yaranan qara buludlar bizim tərəfə gələcək və bizə zərər verəcək. Bu cür çirklənmə həm ekosistemə, həm də insanların sağlamlığına təsir edə bilər”.

MEDİCİNA.AZ