İrandan gələn bu məhsullar da bahalaşacaq

  • 2022.04.26 14:21
  • 2261 Baxış
İrandan gələn bu məhsullar da bahalaşacaq


İran ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Buna səbəb Ukrayna böhranıdır. Bu barədə İranın kənd təsərrüfatı naziri Cavad Sadatinecad deyib. Beləliklə, ölkədən pomidor, kartof, badımcan, soğan ixrac etmək mümkün olmayacaq. Məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq.


İranın ixracla bağlı məlum qadağası ölkəmizdə ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Bakupost.az -a açıqlama verib.

Deputat bildirib ki, İrandan idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətləri arta bilər:

“İran Azərbaycanın aqrar, eləcə də bir sıra sənaye məhsullarının ixrac və idxalında əsas ticarət tərəfdaşlarından biri olsa da, bütövlükdə İrandan idxal Azərbaycanın istehlak bazarındakı tarazlığa xüsusi təsir göstərmir. Çünki ərzaq məhsullarına olan tələbin təxminən 4%-i İrandan idxal olunur. Praktiki olaraq İrandan idxalın dayanması ərzaq bazarında xüsusi qıtlığın yaranmasına səbəb olmayacaq. Təbii ki, bəzi məhsullar var ki, İrandan idxal olunur.

Bir sıra kənd təsərrüfatı məhsullarına tətbiq edilən qadağalar ümumi istehlak bazarının tarazlığına təsir etməsə də, həmin məhsulların qiymətlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, İrandan nisbətən ucuz və xərci nisbətən yüksək olmayan aqrar məhsullar idxal edirik, deməli qiyməti müqayisəli şəkildə ucuz olan kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımı müşahidə oluna bilər”.


Fəridə
Baku Post