İspanağı qatıqla yox, yumurta ilə yeyin! - Səbəbi...

  • 2019.01.18 09:19
  • 17300 Baxış
İspanağı qatıqla yox, yumurta ilə yeyin! -   Səbəbi...

 

Qış aylarının ən çox sevilən yeməklərindən biri də ispanaq qovurmasıdır. Dadlı olduğu qədər də faydalı olan bu yeməyi bir çoxları əsasən qatıqla yeməyi xoşlayır. 


Medicina.az bildirir ki, ispanağın tərkibi dəmir mikroelementi ilə zəngin olduğu üçün qanazlığının aradan qaldırılmasında böyük rol oynayır. 


Lakin onu düzgün istifadə etmədikdə bu faydasından yararlanmaq da qeyri-mümkün olur.

 

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qadınlarda hemoqlobinin miqdarının 12-dən, kişilərdə isə 14-dən az olmasını qansızlıq (anemiya) kimi dəyərləndirir. Anemiyanın əsas səbəbi dəmir çatışmazlığıdır. Statistikaya görə, dünya üzrə qadınların 35%-i, kişilərin isə 50%-i bu narahatlıqdan əziyyət çəkir.  


İspanaq dəmir elementi ilə bol olduğundan anemiya xəstələri onu mütləq qida rasionlarına daxil etməlidirlər. Lakin qatıqla yeyildiyində onun tərkibində olan dəmirin qana sovrulmasının qarşısı alınır. Yumurta ilə yeyilməsi isə əksinə olaraq dəmirin qana sovrulmasını sürətləndirir. Buna görə də, dietoloqlar və qida mütəxəssisləri ispanaq qovurmasına mütləq yumurta vurulmasını və qatıqsız yeyilməsini tövsiyə edirlər. 


Arzu

Medicina.az