İsti duş qəbul etmək ölümə səbəb ola bilər

  • 2024.03.14 14:32
  • 423 Baxış
İsti duş qəbul etmək ölümə səbəb ola bilər
Alimlər isti duş qəbul etməyin təhlükələri barədə xəbərdarlıq ediblər.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, isti duşun dəriyə və saçlara zərər verdiyi, gecə yuxusunu pozduğu, hətta ölümə belə səbəb ola biləcəyi bildirilib.

Hamam məhsulları istehsal edən məşhur brendlərdən birinin sifarişi ilə aparılan araşdırmaya görə, həddindən artıq isti su ilə çimmək baş dərisindəki və saçlardakı təbii yağları yuyur. Bununla da dəridə quruluq, qabıqlanma və qaşıntı kimi problemlər yaranır. Həmçinin saçın parıltısı itir, saç kökləri zəifləyir, saçqıranlar artır.

Tədqiqat göstərib ki, isti duş qıcıqlanma və iltihabı gücləndirdiyi üçün ekzema, eləcə də sədəf xəstələrinin vəziyyətini pisləşdirir.

Bundan əlavə, qaynar su ilə duş qəbul etmək ürək üçün də ziyanlıdır. Ürək-damar xəstəlikləri olanlar daha diqqətli davranmalıdırlar. Qaynar su qan damarlarının genişlənməsinə və ürəyin daha sürətlə döyünməsinə səbəb olur. Bu isə qan təzyiqinin qəfil enməsi, hətta huşun itirilməsi ilə nəticələnə bilər. Hamamda duş qəbul edərkən anidən huşunu itirib yıxılan insanlar ciddi xəsarətlər almaq riski ilə üzləşirlər.

İsti duş insana rahatlıq hissi versə də, bədənin istiliyini artıraraq yuxu üçün lazım olan təbii soyutma prosesinə mane olur. Normalda bədənin soyuması orqanizmə yatmaq vaxtının gəldiyini bildirir, buna görə də yatmazdan əvvəl isti duş qəbulu prosesi gecikdirə, yuxuya getməyi çətinləşdirə bilər.

Qaynar duş zamanı yaranan buxar da təhlükəlidir. Çünki buxar həm astmanı pisləşdirir, həm də mikrobların tənəffüs sisteminə düşməsini asanlaşdırır.

Bütün bunları nəzərə alan tədqiqatçılar ilıq və qısamüddətli duş qəbulunu məsləhət görüblər.

Aysel