İnsanın xərçəngə tutulma riski ədviyyatlı qidaların, eləcə də heyvan yağlarının çox yeyilməsi ilə əlaqəli ola bilər.
Medicina.az xəbər verir ki, həkim Daniil Şepelyayev bədənin bədxassəli xəstəliklərə qarşı həssaslığını artıran qidalanma vərdişlərindən danışıb. Belə vərdişlərdən biri heyvan yağları ilə zəngin qidalara olan istəkdir.
"Heyvan yağlarının yüksək istehlakı döş, mədə və yoğun bağırsaq xərçənginin inkişaf riskini artırır", - deyə mütəxəssis bildirib.
Bundan əlavə, ədviyyatlı qidaların müntəzəm qəbul edilməsi xərçəngə səbəb ola bilər. Məsələn, əgər insan siqaret çəkirsə, spirtli içkilərdən sui-istifadə edirsə, artıq çəkidən əziyyət çəkirsə və müntəzəm ədviyyatlı qidalar yeyirsə, mədə xərçənginə tutulma riski çox yüksək olur.
Bədxassəli şişlərin inkişafına təsir edən digər amil isti yeməklərə və içkilərə olan meyildir:
"Əgər insan müntəzəm olaraq çox isti çay içirsə və ya isti yemək yeyirsə, qida borusu və ağız xərçəngi riski artır. Bu, elmi təcrübələrlə sübut olunub".
Həkim aydınlaşdırıb ki, xərçəngin inkişafı ilk növbədə genetik meyldən asılıdır, lakin həyat tərzi və qidalanma vərdişləri şişlərə meylliliyə çox əhəmiyyətli təsir göstərir. "Narodnye Novosti" portalı xəbər verir ki, bunu nəzərə alaraq, bir həkim rusiyalılara keyfiyyətsiz və emal olunmuş qidaların istehlakını mümkün qədər məhdudlaşdırmağı tövsiyə edib.
Aygün Musayeva