Xəbər verdiyimiz kimi, 33 yaşlı həkim Tural Sultanov işlədiyi gəmidə itkin düşüb. Ailəsinə təqdim olunan videogörüntülərdə onun özünün dənizə atıldığı və üzdüyü göstərilib. Lakin xilasedicilər onu dənizdə tapa bilməyib. 31 gündür itkin olan həkimin ailəsi onun intihar etməsinə inanmır.
“Medicina” xəbər verir ki, bu barədə onun yaxınları, əmisi qızı Sultan xanım bəzi şübhələri və müəmmalı məqamları bölüşüb:
“Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atasının ən böyük istəyi Turalın Almaniyada təhsilini, işini davam etdirməsi, məşhur həkim olması idi. Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də məzərəsi dənizə açılırdı...
Tural hadisədən bir gün əvvəl son dəfə anası Aygün xanımla danışıb:
O, dənizin ortasında olduğundan bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi.
Tural dənizə gedəndə yay idi. Havalar soyuduğundan isti geyimlərini ayırmışdıq.
Əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15 arası qayıdacaqdı. Sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər.
Turalın işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri göstərilib: Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə, əllərində olan ancaq budur dedilər.
Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır.. Bizə deyirlər ki, siz oz övladınızı arxadan, geyimindən tanımırsınız?
Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur?
Ailədə, əmimgildə olan məlumata görə, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb:
"Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa, (birmənalı şəkildə bunu rədd edirik) nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?..."
Suallar çoxdur... Turalımız isə 31 gündür yoxdur…”
Aygün Musayeva