Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.
Medicina.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, cari ilin mayın 5-də cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gedib. Orada aralarında mübahisə yaranıb.
N. Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Y. İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə sillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.
Təqsirləndirilən şəxs isə mayın 9-u axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.
Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.