Koronavirus ana bətnində və südlə körpəyə keçirmi? - Şöbə müdirindən açıqlama

  • 2020.07.05 12:36
  • 2489 Baxış
Koronavirus ana bətnində və südlə körpəyə keçirmi? -   Şöbə müdirindən açıqlama
"COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır".

Medicina.az xəbər verir ki, bu sözləri ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbə müdiri Aygün Rüstəmxanlı deyib. Onun sözlərinə görə, aprel ayının 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyası ilə infeksiyalaşmış xəstələrə tibbi xidmət göstərir. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarətimiz altındadır:

"Şöbəmiz ölkəmizdə infeksiyalaşmış analardan doğulmuş yenidoğulanlarla bağlı fəaliyyət göstərən yeganə şöbədir ki, burada xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır və bu hələ tam şəkildə öyrənilməyib. Düzdür, ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu sahədə müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, onlara əsaslanıb son söz demək də olmaz".

A. Rüstəmxanlı qeyd edib ki, ana bətnində göbək ciyəsi ilə uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb:

“Qeyd edim ki, ana bətnində uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb. Dölyanı sudan , göbək ciyəsi qanından , ana südündən COVİD - 19 PCR testi aparılıb . Bu qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. 3 körpənin yoluxma səbəbi araşdırılanda məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsi ilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq. Həmin protokolun versiyasını ölkəmizdə tətbiq edməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlərimizi təlimatlandırdıq. COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. Onların klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Qaydalar üzrə o körpələr karantinə alınaraq test götürülüb . Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin test nəticələri bəllidir ; heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Eyni zamanda şöbəmizdə covid 19 infeksiyasına yoluxmuş yenidoğulmuşlar müalicə olunaraq evə yazılıb . Bu körpələr diger klinikalardan köcürülüb . Həmin müəssənin yenidoğulanlara nəzarət edən tibb personalında infeksiya aşkarlandığı və analarda inkar edildiyi ücün , yoluxmanın tibb heyyətindən hava damcı üsuluyla keçdiyi məlum olub“.

Aygün Rüstəmxanlı həmçinin körpələrin sağlam dünyaya gətirilməsi üçün demək olar ki, hər şəraitin olduğunu və müasir avadanlıqlarla təchiz olunduqlarını bildirib:

"Tərəfimizdən hər cür qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Biz də fəaliyyətimizi sadaladığım qaydalara uyğun qurmuşuq. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi nəzərdə tutulmuş otaqlara götürülür və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir.
Onu da bildirim ki, klinkamızda iki ginekoloji mərtəbə fəaliyyət göstərir. 6-cı mərtəbədə doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aprılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu 5-ci mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVİD-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.

Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan,qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq. Bir sözlə, şöbəmizdə körpələrin sağlam dünyaya gəlməsi üşün hər bir şəraitimiz və peşəkar tibbi heyətimiz var", - deyə A. Rüstəmxanlı əlavə edib.