Liv Bona Dea-nın yalanı bir sənəddə üzə çıxdı, məsuliyyəti həkimə yükləyirlər - Məhkəmə işi

  • 2026.04.29 11:22
  • 91 Baxış
Liv Bona Dea-nın yalanı bir sənəddə üzə çıxdı, məsuliyyəti həkimə yükləyirlər -  Məhkəmə işi

"Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli ilə Liv Bona Dea Hospital arasında baş verən qalmaqal davam edir.

Medicina.az xəbər verir ki, N.Köçərli klinikanın məhkəməyə təqdim etdiyi iddianı paylaşıb:



"Bir klinika pasienti əzmək üçün görün hansı saxtakarlıqlara əl atır.

LIV Bona Dea Hospital -nın mənə qarşı 222 395 AZN təzminat iddiası ilə bağlı mayın 5-də Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək.

Klinika məhkəməyə təqdim etdiyi iddiada bildirir ki, guya mən heç bir əlaqə nömrəsi qeyd etməmişəm və buna görə də xəstəxanada gözləyən həyat yoldaşıma heç bir məlumat verilməyib.

Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün Liv Bona Dea xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı (yalnız EKQ verildi).

Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim — 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.

Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.

Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkmiş, əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib".



N.Köçərli əlavə edib ki, əsas şikayəti məhz bu — anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir:

"Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib.

Məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bildim. İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.

Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, Liv Bona Dea tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil — sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.

Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.

Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir".

Qeyd edək ki, Liv Bona Dea Hospital-da əməliyyat olunan Nigar Köçərli ona göstərilən rəftar, vaxtında lazımi dərmanların verilməməsi və digər məsələlərlə bağlı sosial şəbəkə hesabında paylaşımlar etmişdi.

Xəstəxana isə həmin paylaşımların qurumun işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək məhkəməyə müraciət edib.








Aygün
Medicina.az