Bakıda "Məlhəm" klinikasında pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb. Vəfat edən pasiyentin 59 yaşı olub.
"Medicina" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Məlhəm" Beynəlxalq Hospitaldan bildirilib ki, bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyent xəstəxanada vəfat edib:
"Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib".
Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:
"Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər".