Mobil operatorların antenləri olan ərazidə insanlar çox yaşamır- Bakıda TƏHLÜKƏ

  • 14 Yan 2021 16:40
  • 907 Baxış
Mobil operatorların antenləri olan ərazidə insanlar çox yaşamır - Bakıda TƏHLÜKƏ



Beşinci nəsil (5G) mobil rabitə şəbəkəsinin tətbiqi, eləcə də sözügedən rabitə şəbəkəsinə edilən sərmayə yatırımları bir çox ölkələrdə narazılıqla, hətta etirazlarla qarşılandı. Brüsseldə, İsveçrədə və digər inkişaf etmiş ölkələrdə daha yüksək elektromaqnetik dalğa yayan bu yeni texnologiyanın sağlamlığa zərərli olduğunu bildirdi. Ekspertlər də bu dalğaların insan orqanizminə zərərli olduğunu təsdiqləyirlər.

5G mobil rabitəsi ilə yanaşı mobil operatorların quraşdırdığı ötürücü antennlər də yüksək şüalanma yaratmaqdadır. Mütəxəssislər bu antennlərin əhalinin sıx məskunlaşdığı ərazidə quraşdırılmasının qadağan olunduğunu və təhlükə mənbəyi olduğunu bildirir. Qeyd edilir ki, sözügedən ötürücü antennlər çevrəsi boşluq olan ərazilərdə, yaşayış sahəsindən 300 metr kənarda quraşdırılmalı, insanlar şüalanmaya məruz qalmamalıdırlar.

Medicina.az xəbər verir ki, bu barədə Correct.az saytına danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bildirib ki, bu ötürücü antennlərin əhalinin sıx olduğu yerlərdə quraşdırılması qaydalara ziddir:

"Bununla bağlı müxtəlif nəzarət qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi birlikdə monitorinq keçirməlidirlər. Mobil operatorlar xərcləri azaltmaq üçün belə bir vasitədən istifadə edirlər. Antenalar quraşdırılan ərazilərə Səhiyyə Nazirliyi monitorinq təşkil edərək, həmin ərazilərdə yaşayan insanların xəstəliklərə yoluxma, ölüm sayını öyrənməlidir. Mən antenalar quraşdırılan elə yerlər tanıyıram ki, orada insanlar 50-60 yaşına çatmamış ölüblər".


Şüalanmanın mənfi təsirlərindən danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyə Namazlı isə yaşadığı ərazidə binaların üstünə mobil antenalar quraşdırılmasından narazı olduğunu qeyd edib:


"Heç bir qurum nəzarət etmir. Bu şüalanma insan orqanizminə birbaşa təsir edir, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Həkimlər daim insanlara telefonlardan uzaq durmalarını məsləhət görürlər. Bu çox ciddi məsələdir. Şüa insanlarda gündəlik yorğunluq, baş ağrısı, əsəb kimi reaksiyalar göstərir. Orqanizmə daxil olan şüa bir sıra kimyəvi və biokimyəvi proseslərin yaranmasına səbəb olur. Cinsi hüceyrələr, qan hüceyrələri, sümük iliyi şüalanmaya daha çox həssas olduqlarına görə şüanın təsirinə ən tez onlar məruz qalırlar. Bu hal insanlarda həmçinin konsentrasiyanı pozulmasına, beyində şişin yaranmasına belə gətirib çıxara bilir".

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevai isə bildirib ki, həmin antennlərin quraşdırılmasına nəzarəti Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir:

"Yaşayış yerlərinə yaxın nöqtələrdə quraşdırılan mobil operatorların qurğularının texniki parametrləri var. Bu cür antenlər tək Azərbaycanda deyil, bütün ölkələrdə qurulur. Bu qurğuların texniki pasportlarında qeyd olunub ki, onların təsir dairəsi 2 metrdən artıq deyil. Bu təsir 2 metr daxilində və normalar səviyyəsində müəyyənləşdirilir. Amma buna nəzarət dövlət qurumu olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılır. Stasionar qurğu ekspertizadan keçəndə bizə də müraciət olunur, amma bizdə mütləq o qanunauyğunluq gözlənilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Toksikologiya və Əmək gigiyenası bölməsinin müdiri Teymur Teymurov sorğumuza cavab olaraq bildirib ki, mobil rabitə operatorlarının radio baza stansiyalarının fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 06.02.2015 tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları" ilə tənzimlənir:

"ÖRTO-in tikintisi, yenidənqurulması, texniki gücləndirilməsi və genişləndirilməsinə dair layihə sənədlərinin təsdiqinə, tikilmiş və yenidənqurulmuş ÖRTO-in istismara verilməsinə yalnız onların həmin sanitariya qaydalarına uyğunluğu barədə sanitariya-epidemioloji rəylərin olduğu halda icazə verilir.

Sanitariya-epidemioloji rəylər Dövlət sanitariya-epidemioloji nəzarəti orqanları tərəfindən sanitariya-epidemioloji ekspertiza nəticələrinin əsasında verilir. Sanitariya-epidemioloji ekspertiza Dövlət sanitariya-epidemioloji nəzarəti orqanlarının akkreditasiya olunmuş idarələri tərəfindən həyata keçirilir".