Niyə Çin pandemiyadan qurtuldu, biz yox? - Kimlər virusdan qoruna biləcək?

  • 2021.03.29 15:03
  • 7954 Baxış
Niyə Çin pandemiyadan qurtuldu, biz yox?  - Kimlər virusdan qoruna biləcək?

Bu pandemiyada ən yaxşısı yoluxmamaqdır! Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir. Yoluxduğu halda özünü izolyasiya edir, həkimə müraciət edir, lazımi müalicələri edir, panikaya düşmür.

Medicina.az xəbər verir ki, tanınmış radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev qeyd edib ki, yoluxma sayını azaltmaq üçün ilk növbədə ictimai nəqliyyatda sıxlığın qarşısını almaq lazımdır:

“Dövlət tərəfindən yoluxan şəxs aşkar edilirsə, onun birgə yaşadığı və işlədiyi şəxslər dərhal müayinəyə cəlb edilməli, izolyasiya edilməli və əgər şikayətləri varsa, lazımi qida və dərman vasitələrilə təmin edilməlidirlər! İctimai nəqliyyatda, marketlərdə sıxlıqlar var! Bunu aradan qaldırmaq lazımdır! Heç olmasa biz üzərimizə düşəni və qaydalara əməl etməliyik! Bu həyat, bu ömür bizimdir, özəldir, ona qiymət verək! Bacardıqca qorunmalı və yoluxduğumuz halda lazımi tədbirləri görməliyik! Yaxşı həkimlərin məsləhətinə qulaq asaq, əməl edək!”

Həkim əlavə ki, 5G ətrafında yayılan inanclara inanmaq olmaz:

“İnsanları öldürmək istəyirlər, mason, Bill Qeytsin oyunudur kimi ifadələr işlədən mənasız, məntiqsiz, tibbdən xəbəri olmayanların sözünə qulaq asmayaq! Bunu deyənlər bizim qayğımızı çəkməyəcək, yoluxanda bizi müalicə etməyəcək!

Bəziləri deyir ki, 2 milyardlıq Çində necə bitdi pandemiya? Çünki Çində çox sərt karantin tətbiq edildi! Biz buna dözmərik! Yoluxanlar və onların kontaktda olduğu şəxslər dərhal izolyasiya edildi, test edildi, lazımi qida və dərmanla təchiz edildi! Test analizi müsbət çıxanların bütün kontaktda olduğu şəxslər test edilməli, lazımi qida vasitələri ilə təmin edilərək izolyasiya edilməlidir!


Düzdür, əksər insanlar xəstəliyi yüngül keçirir, amma o yüngül keçirənlərin yoluxdurduğu yaşlı, şəkərli diabetli və yanaşı digər xəstəlikləri olan insanların xəstəliyi necə keçirəcəklərini bilmirik, yəni sosial məsuliyyətimizi dərk etməliyik! Dünya təkcə bizdən ibarət deyil! Digərlərini də düşünməliyik! Mütləq peyvənd etdirək! Peyvənd ölümün qarşısını demək olar ki, alır”.