Gündə ən azı 8-10 saat qapalı ofislərdə keçirən milyonlarla işçi tənəffüs problemləri yaşayır.
Medicina.az xəbər verir ki, günün böyük bir hissəsini qapalı məkanlarda keçirən işçilər görünməz sağlamlıq riskləri ilə üzləşirlər.
Qeyri-kafi ventilyasiyalı ofislər, xalçalı döşəmələr və müntəzəm təmizlənməyən kondisionerlər tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
Türkiyəli professor Dr. Aygül Güzel, xroniki ağciyər xəstəliyi olan xəstələrin ofis mühitində toza qarşı xüsusilə həssas olduqlarını bildirərək, vacib xəbərdarlıqlar edib.
O, ofis tozunun, xüsusən də həssas insanlarda ciddi şikayətlərə səbəb ola biləcəyini bildirib:
“Tozun təsiri allergiyası olan insanlarda gözlərdə yanma və qaşınma, burun axıntısı və boğaz qıcıqlanması kimi simptomlara səbəb ola bilər. Astma xəstələrində nəfəs darlığı, xırıltılı tənəffüs, öskürək və sinədə təzyiq hissi kimi simptomlar yarana bilər.
Əslində, ofis mühitindəki toz astmanın kəskinləşməsinin əsas səbəblərindən biridir. KOAH kimi xroniki ağciyər xəstəlikləri olan insanlarda da simptomlar pisləşə bilər. Toz ağciyərlərdə iltihab yaradar, xəstəliyin şiddətini artırar və sağalma prosesini gecikdirər.”
Professor Güzel vacib bir klinik işarəyə diqqət çəkib:
“Əgər bir şəxs simptomlarının ofis mühitində pisləşdiyini və evdə və ya tətildə azaldığını deyirsə, bu, ətraf mühitlə əlaqəli tənəffüs problemini göstərməlidir. Ofislər müntəzəm və effektiv şəkildə havalandırılmalıdır. Xalça və kilim kimi toz yığan örtüklərdən çəkinmək lazımdır. Mebelləri quru parça əvəzinə nəm parça ilə təmizləmək toz yığılmasını azaldır. Kondisioner filtrlərini müntəzəm olaraq dəyişdirmək və təmizləmək də vacibdir.
Printerləri, surətçıxarma maşınlarını və toner maşınlarını iş yerlərindən ayrı bir ərazidə saxlamaq daha məqsədəuyğun olardı. Bu tədbirlər ofis mühitində toz yığılmasını azaltmaqla işçilərin tənəffüs sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.”
Aygün
Medicina.az