"Ölkələr sağalanların siyahısını dəqiq təqdim etmir"- Dünya Səhiyyə Təşkilatı

  • 2020.04.01 16:04
  • 1458 Baxış
"Ölkələr sağalanların siyahısını dəqiq təqdim etmir" - Dünya Səhiyyə Təşkilatı

"Dünya Səhiyyə Təşkilatı dünyada COVİD-19-dan sağalanların sayı barədə məlumat dərc etməyi dayandırıb, çünki heç də bütün ölkələr sağalanların siyahısını təşkilata təqdim etmir”.


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yasareviç bildirib.


"Çinin xaricində sağalma hallarına gəldikdə, qeyd etməliyəm ki, COVID-19-dan sağalanların rəsmən təsdiqlənmiş sayı ilə bağlı dəqiq məlumatımız yoxdur, çünki heç də bütün ölkələr sistemli şəkildə bu məlumatları bizə çatdırmır. Bir çox ölkələrdə hələ insanların sağalmaq şansı yoxdur, odur ki, zaman keçdikcə vəziyyət dəyişə bilər və biz yeni məlumatlar əldə edə bilərik", — deyə o bildirib.


COVİD-19-un yeni xəstəlik olduğunu qeyd edən Yasareviç, bildirib ki, xəstəliyi dəf etmək üçün virusa qarşı immunitetin necə yarandığı və xəstənin tamamilə sağaldığını necə müəyyən etmək mümkün olduğu ilə bağlı daha çox epidemioloji məlumatlar əldə olunmalıdır.


ÜST-ün tövsiyyəsinə əsasən, xəstə ən azı 24 saat fərqlə, ardıcıl keçirilən iki mənfi nəticəli testdən sonra xəstəxanadan evə buraxıla bilər.



Xatırladaq ki, 2019-cu ilin sonunda Çinin Uhan şəhərind aşkar edilən COVİD-19 Pandemiyası, 180-ə yaxın ölkəni ağuşuna alıb. ÜST-nın son məlumatlarına görə, dünyada 750 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, 36 mindən çox insan dünyasını dəyişib.


ABŞ, İtaliya, İspaniya və bir sıra Avropa ölkələrində koronavirusla bağlı mürəkkəb vəziyyət yaşanır. COVİD-19-un yayılma mənbəyi olan Çindən isə bir neçə gün əvvəl epidemiyanın bitdiyi haqda məlumat verilib.