Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm.
Medicina.az xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Xalq artisti ilə evində görüşüb.
" Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.
“Ölümün nəfəsini hiss edirəm” - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu. Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı. Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında “Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız” deyirdi. Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim. Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi".
MEDİCİNA.AZ