Onkoloji xəstələr də icbari tibbi sığorta ilə müalicə ala biləcək- Millət vəkili

  • 08 İyn 2022 15:43
  • 487 Baxış
Onkoloji xəstələr də icbari tibbi sığorta ilə müalicə ala biləcək - Millət vəkili

“Onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə gələn ilin əvvəlindən daxil edilməsi planlaşdırılır”.

Bu sözləri Bakupost.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, bu, onkoloji xəstəliyi olan insanlara ciddi dəstək olacaq:

“İcbari tibbi sığorta zərfinə onkoloji xəstəliklərin də daxil edilməsi haqqında istər plenar iclaslarda, istərsə də komitə iclaslarında fikirlər irəli sürülür. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da dəfələrlə vurğulayıb ki, ümumiyyətlə bütün xəstəliklər icbari tibbi sığorta paketinə daxil olmalıdır.

Ölkəmiz artıq iki ildir ki, icbari tibbi sığortaya keçib. Mərhələli şəkildə xəstəliklər bu siyahıya daxil edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev qeyd etmişdi ki, onkoloji xəstəliklər də bu siyahıya salınacaq. Bildiyim qədəri ilə bu, gələn ilin əvvəlindən nəzərdə tutulur”.


K.Əliyeva bunun üçün Milli Məclisdə ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac olmadığını deyib:


“Onkoloji xəstələrin sayı kifayət qədərdir. Eyni zamanda çox yüksək maliyyə xərci tələb olunan xəstəliklər siyahısına aiddir. Xəstəliyin hansı mərhələlərin müalicəsinin ora daxil olması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən olunacaq. Bunun üçün Milli Məclisdə ayrıca layihənin hazırlanmasına ehtiyac yoxdur. Onkoloji xəstələrin müalicəsinin o siyahıya əlavə olunması kifayətdir.


Onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq. Əgər icbari tibbi sığorta respublikada tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır. Hər bir vətəndaş hansısa bir xəstəlikdən əziyyət çəkirsə, onun da hüququdur ki, icbari tibbi sığortasından istifadə edə bilsin. Güman edirəm ki, növbəti mərhələdə məhz onkoloji xəstələr icbari tibbi sığorta paketindən istifadə edə biləcəklər”.


Fəridə
Baku Post