Onkoloji xəstələr tibbi sığortadan nə zaman yararlanacaq?

  • 2024.03.07 11:30
  • 848 Baxış
Onkoloji xəstələr tibbi sığortadan nə zaman yararlanacaq?
Həkim: “İqtisadi itkilərin olmaması üçün xəstəliyin erkən aşkarlanması - skrininqlər aparılmalıdır” 

Onkoloji xəstəliklə mübarizə aparan şəxslər uzun illərdir bu xidmətlərin də icbari tibbi sığorta paketinə salınması məsələsini qaldırırlar. Bu haqda müzakirə uzun zamandır gedir, amma hələlik konkret qərar yoxdur. 

Bəllidir ki, onkoloji xidmətlər çox bahadır və əksər insanların bunu qarşılamaq imkanları yoxdur.  

Artıq onkoloji xidmətin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə gecikmədən daxil edilməsi rəsmi səviyyədə təklif edilib. Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 263 nömrəli ilə Qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə edilmiş dəyişikliklər nəticəsində 775 sayda yeni tibbi xidmət əlavə edilib: “Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir, xidmətin göstərilməsi imkanları maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir və tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır”.

Bəs onkoloji xəstələr nə zaman sevinəcək? Nə zaman bu xidmətlər İTS zərfinə daxil ediləcək? Bu, niyə gecikir? 

Bundan əvvəl Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib: “Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq”.
Zülfüqar Yusifov 

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, tibbi sığorta bir çox ölkələrdə müxtəlif şəkildə tətbiq olunmaqdadır: “Bir sıra xidmətlər tibbi sığortaya daxil ola bilir, bir sıra xidmətlər daxil ola bilmir. Daha çox gözəllik məqsədi daşıyan, gündəlik həyat keyfiyyətinə ciddi şəkildə mane olmayan, yaxud uzun müddətli xroniki proseslər bir çox ölkələrdə tibbi sığortadan kənarda qala bilir. Amma onkoloji problemlərin də tibbi sığorta ilə əhatələnməsi böyük büdcə tələb edir, ehtimal ki bu səbəbdən proses ləngiyir. Əslində xəstələrin bu qisminin daha çox sığortaya ehtiyacı var. Bu insanların düçar olduğu xəstəlik ciddi şəkildə həyat keyfiyyətini aşağı salmaqla yanaşı həm də ömrü qısaldan xəstəlik sayılır və çox böyük maliyyə vəsaiti tələb olunur. Xərçəng xəstəliyi zamanı çox sayda müayinələr - skriniq müayinələr, labarator, genetik müayinələrin aparılması lazımdır. Burada istifadə olunan dərmanlar da çox bahadır. Ömür boyu davam edən kimyəvi terapiya, radio terapiyanı da bura daxil edə bilərik. Bundan əlavə, xərçəngin müəyyən növlərində icrası vacib olan cərrahi əməliyyatları da qeyd etmək lazımdır. Bununla yanaşı, psixoloji köməkdən tutmuş, fizioterapevtik, reabitoloji dəstəyə qədər, hətta baxıcı köməyinə qədər olan böyük bir sahəni əhatə edir. Əlbəttə, sığorta bunların müəyyən hissəsini ödəməklə bağlı fikir irəli sürə bilər. Araşdırma aparıla bilər, əsaslandırılmış şəkildə xərclərin ödənilməsinə imkanlar varsa, bu şəkildə prosesi nəzarətə götürmək olar. Amma bu o qədər asan bir proses deyil. Sığorta təbabətinə yenicə başlamış ölkə üçün görünür, bu qərarları vermək bir sıra araşdırmalar tələb edir”. 

Həkim əlavə edib ki, araşdırmalar istiqamətində ciddi işlərin aparılması barədə məlumatlar var: “Artıq 2023-cü ildə bu məsələnin prioritetlər sırasında qəbul olunması onu göstərir ki, yaxın zamanlarda xərçəng xəstələri üçün belə bir müjdəni eşidəcəyik. Başqa bir istiqaməti də qeyd edim, dünyada məşhur olan erkən aparılan skrininqlərdir. Burada xəstəliyin daha tez aşkarlanması üçün aparılan hədəfli müayinələr nəzərdə tutulur. Dünyada xüsusən sığorta təcrübəsi çox olan ölkələr pasiyentlərə keyfiyyətli xidmət göstərmək üçün, həm də özlərini iqtisadi itkilərdən qorumaq üçün vaxtında skrininqlərin aparılmasını təmin etməyə çalışırlar. Çünki xəstənin 40-45 yaşında aparılan skrininqlər nəticəsində bu xərçəngin hər hansı növü aşkarlanır və ona müəyyən məbləğ xərclənirsə, 50-55 yaşında xəstəlik elə bir mərhələdə olur ki, artıq xərclər qat-qat yüksək olur. Bu, sığortanın da marağındadır, xəstəliyin ilkin mərhələsində skrininqlər olsun ki, vaxtında qarşısı alınsın. Çünki gecikmiş mərhələdə müalicənin effektliyi aşağı olur, pasiyentin həyat keyfiyyətini aşağı salır, çoxlu maliyyə vəsaiti tələb olunur”. 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyindən “Yeni Müsavat”a bildirilib ki, onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır. Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir. “Tibbi xidmət Xidmətlər Zərfinə daxil edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”, - deyə əlavə edilib.