Oruc tutarkən susuzluğun qarşısını almaq üçün nə etməli? - Həkimdən Məsləhət

  • 13 Apr 2022 18:19
  • 915 Baxış
 Oruc tutarkən susuzluğun qarşısını almaq üçün nə etməli?   - Həkimdən Məsləhət

İlk növbədə nəzərə almaq lazımdır ki, yay orucu həm müddətcə daha uzundur, həm də havanın isti vaxtına təsadüf edir. Buna görə də, mütləq imsaka durmaq lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır.

Medicina.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov imsakda düzgün qidalanma ilə bağlı tövsiyələrini paylaşıb.

Fitoterapevtin sözlərinə görə, ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Suda qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var:

"Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.

1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadın, sonra soyuducuya qoyun, səhər imsak zamanı için. Bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını alır".