Qadınla kişi ürəyinin fərqi- Kardioloq açıqladı

  • 2023.01.19 15:24
  • 2866 Baxış
Qadınla kişi ürəyinin fərqi - Kardioloq açıqladı
Qadınların ürəyi kişi ürəyindən daha kiçikdir. Orta hesabla qadın ürəyi kvadrat metrə görə hesablasaq 118 qramdır. Kişilərdə isə bundan 60 qram çoxdur. Qadın ürəyinin damarları daha incədir. Kişilərə nisbətən orta hesabla 1 mm incə olması damara müdaxiləni çətinləşdirir.

"Medicina" xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
"Qadınlarda qapağın quruluşu daha elastikdir. Qapaq xəstəliyi və bununla əlaqəli ürək döyüntüsü daha çox rast gəlinir. Qadınlarda ürəyin damarları daha həssas olur, sıxılmaya/daralmaya daha çox meyllidir. Bundan başqa, qadın ürəyinin damarları xəstəliyə daha davamlıdır. Kişilərlə müqayisədə damar xəstəliklərinin inkişaf riskində 10 illik fərq var. Ancaq bu fərq klimaksdan sonra yox olur.

Cabir Gülmalıyev bildirib ki, qadının ürəyində olan xəstəliyi tapmaq çətindir. EKQ və efor testləri çox vaxt normal olur. Klinik şübhə və risk faktorları nəzərə alınmaqla əlavə testlər aparılmalıdır. Ürək xəstəliyi olan zaman kişilərdə sinə ağrısı ön planda olarkən, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq və şişkinlik ön plana çıxa bilər.

"Qadın ürəyi infarktdan sonra zədələnməyə daha həssasdır. Qadınların ürəyi kişilərdən daha çox döyünür. Qadınların ürəyi kişilərə nisbətən laxtalanmaya daha çox meyllidir".