Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qalxanvari vəz niyə böyüyür, zob xərşəngə çevrilərmi? - Tanınmş endokrinoloqun MƏQALƏSİ

  • 2019.11.25 18:39
  • 28672 Baxış
Qalxanvari vəz niyə böyüyür, zob xərşəngə çevrilərmi? -  Tanınmş endokrinoloqun MƏQALƏSİ

Qalxanabənzər vəzi boynumuzun önündə 20-25 qram ağırlığı olan kiçik, amma orqanizmin ən böyük daxili sekresiya vəzisidir.

 

Medicina.az endokrinoloq Hidayət Məmmədzadənin qalxanvari vəz xəstəliyi barədə geniş məqaləsini təqdim edir. 


Bu vəz bədən üçün çox əhəmiyyətli, çox vacib hormonlar istehsal edir. Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar bizim maddələr mübadiləsini bir qaydada saxlayır, bütün inkişaf, hemodinamika, mübadilə prosesləri üçün bu çox vacibdir. Qalxanabənzər vəzi, sanki, oyuncaqların enerji qaynaqları olan batareyalar olduğu kimi bizim enerji depomuz və çox əhəmiyyətli bir orqanımızdır.

Qalxanabənzər vəzin hormonları artması və azalması müxtəlif xəstəliklərə səbəb olmaqdadır.


Zob, qalxanvari vəzinin böyüməsini ifadə edən bir əlamətdir.


El arasında qalxanvari vəzin bütün xəstəliklərinə zob deyilir. Əslində qalxanvari vəzi xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı vardır. Zob sadəcə olaraq bir simptom və əlamətdir. Zob kəlməsi qalxanvari vəzin böyüməsini ifadə edər. Bunun latınca əsl adı goiter, türkcə quatr, rusca zob, azərbaycanca isə urdur.

Sadəcə olaraq, ur (zob)- sərbəst bir xəstəlik deyil və bir simptom olaraq qəbul olunmalıdır.


Zob xəstəliyinin çeşidli əlamətləri vardır.


Bu əlamətlər hormon tarazlığının pozulması ilə əlaqədar dəyişir.

Qalxanvari vəz xəstələrində 3 vəziyyət ön plandadır.

Qalxanvari vəz fəaliyyətinin artmasına hipertireoz və yaxud da zəhərli zob deyirik. Bu zaman xəstələrdə əllərdə titrəmə, arıqlama, gözlərin irəli doğru çıxması, ürəkdöyünmə, ishal və s. bu kimi diqqət dağınıqlığı və ən əsası halsızlıq, tez yorulma, fiziki iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlər başlayır.


Təpədən dırnağa bütün metabolizma sürətlənir.


Qalxanvari vəz hormonunun çatışmazlığı isə hipotiroidizm, yəni, hormon yetərsizliyinə bağlı bir durumdur. Bu zaman hərəkətlərdə, duyğularda yavaşıma, qəbizlik, üzdə, göz ətrafında, əllərdə, ayaqlarda şişkinlik, səs tellərində maye toplanması ilə əlaqədar olaraq səsin xırıltılı və ya qalın olması kimi şikayətlər meydana çıxır.


Bəzən hormon tarazlığı pozulmur.

Xəstədə düyünlər olur və hormon tarazlığının pozulmaması üçün hər hansı dərman preparatının verilməsinə gərək olmasa da bu düyünlər xəstədə estetik qüsur yaratmaqla bərabər, bəzən düyünlər böyüyərək boyun orqanlarını, yemək borusunu, nəfəs yollarını sıxaraq müxtəlif şikayətlərin meydana gəlməyinə səbəb ola bilər


Zob xəstəliyinin səbəblərinə bunlar da aiddir:


Endemik olaraq bəzi regionlarda torpaqda yodun çatışmaması və suda yodun azlığı dolayısı ilə qanda yodun azlığı ilə əlaqədar qalxanvari vəzidə bir yod defisitinə səbəb olmaqdadır.


Orqanizm bu defisitə daha çox qanda yodu tutmaq üçün kompensator olaraq böyümə ilə cavab verər.

Bu hiperplaziya zobun yaranmağına səbəb olur.


Bundan əlavə genetik yaxınlıq burda çox önəmlidir.


Qalxanvari vəz xəstəliklərinin Haşimato xəstəliyi adı ilə bilinən və daha çox ana xətti ilə ötürülən autoimmun proseslərə bağlı bir qrupu vardır ki, bu zaman demək olar ki, bütün qadın əqrabalarının hamısında zob xəstəliyi olur.


Eyni zamanda, qalxanvari vəzi üzərində aparılan müxtəlif cərrahi əməliyyatlar, radiasiya faktoru, stress də xəstəliyin yaranması və inkişafında çox vacibdir. "Mən zob xəstəsiyəm” demək heç də həkimlər üçün qənaət-bəxş anlayış deyildir. Hər bir zob xəstəliyinin elmitibbi izahı və adı vardır. Mütləq biz müəyyən diaqnostik proseduraları və müayinələri keçirərək xəstəliyin adını tapıb, diaqnozu qoyub və sonra uyğun müalicəsini veririk.


Zob xəstəliklərində 3 vəziyyət ön plandadır.


Qalxanvari vəz fəaliyyətinin artması, tretoksikoz, hipertiroidizm dediyimiz hallar zamanı qalxanvari vəzidə hormon fəaliyyətində artmış bir istehsal vardır. Buna bağlı normadan artıq istehsal olunan hormon orqanizmdə bütün maddələr mübadiləsini çox sürətləndirir.



Sürətlənmiş maddələr mübadiləsi xəstə üçün çox toksiki və əziyyətlidir. İkinci hal qalxanvari vəzidə bunun tam əksi olan hormon yetərsizliyidir.

Bu qalxanvari vəzin hansısa genetik səbəblərə bağlı hormon yetərsizliyi, alınmış şüalanma və radiasiyaya bağlı olaraq fəaliyyətində bir çatışmazlıq və hormon defektinin olmasıdır.


Hormon defisiti orqanimzdə mübadilənin zəifləməsi və yavaşımasına səbəb olur. Hipotiroidizmə daxil olan bir çox xəstəliklər vardır ki, bunların da biz diaqnozunu tam qoyaraq sonra düzgün müalicəsini apara bilərik. Əgər xəstədə düyünlü zob aşkarlanıbsa, hormon tarazlığından asılı olmayaraq düyünün müəyyən qədər onkoloji riski vardır.


Qalxanvari vəz düyünlərinin 5-10 faizə qədər xərçəng riski vardır.


Əgər düyün ultrasonoqrafik olaraq şübhəli bir düyündürsə biopsiya olunaraq diaqnozun dəqiqləşdirilməsi, onkoloji prosesin erkən, yayılmadan araşdırılması və üzə çıxarılması, və düzgün müalicə olunması xəstə üçün bəzən həyat qurtarıcı da ola bilər.


Zob xəstəliyinin müayinə üsulları əvvəlcə xəstə ilə söhbət, dinləmə daha sonra boyun nahiyəsində qalxanvari vəzin əllənməsi ilə başlayır

. Biz müəyyən bir fikrə gəldikdən sonra diaqnostik məqsədlə laborator qan analizlərini istəyirik. Hormon tarazlığının mütləq həkim tərəfindən dəyərləndirilməsi lazımdır. Hormon analizləri qalxanvari vəz xəstəlikləri üçün çox vacibdir.


Hormon analizləri aparılmadan müalicə aparılması və diaqnoz qoyulması mümkün deyildir. Daha sonra biz xəstə üçün ultrasəs müayinəsi edirik. Qalxanvari vəz xəstəliklərində ultrasəs müayinəsi mütləqdir.


Biz bu zaman qalxanvari vəzinin vəziyyətini, parenximanın quruluşunu, içəridə gizlənmiş düyünləri, onların onkoloji riskləri varmı-yoxmu deyə baxa bilirik. Daha sonra xəstə əgər əməliyyat olunan bir xəstədirsə əməliyyatdan sonra xüsusi qan testlərimiz vardır ki, bunun üçün xüsusi onkoloji markerlərimizlə xəstəni izləyirik.

Bəzi ciddi qalxanvari vəzi xəstəliklərində kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, bəzən digər ixtisas həkimlərinin müayinəsi, konsultasiyası da lazım ola bilər.


Üç müalicə üsulunu xəstələrimizin yadında saxlamalarını istəyirəm.


Birinci dərman müalicəsidir.

Dərman müalicəsi, hormon tarazlığı pozulmuşsa verilməlidir.


Əgər qalxanvari vəzi hormon profilində yetərsizlik varsa çat-mayan hormonu yerinə qoymaq üçün hormonun sintetik analoqunu tablet şəklində xəstəyə veririk və bu tabletlərin qəbulu ömürlükdür.


Xəstənin halını və vəziyyətini adekvat dozanı tutmaq üçün bəlli aralıqlarda qan testləri ilə kontrol edirik.


Əgər bunun əksinə qalxanvari vəzidə hormon tarazlığı artmış istehsala bağlı bir tretoksikoz düşündürürsə, o zaman antitiroid dərmanlar dediyimiz xüsusi preparatlarla qalxanvari vəzidə hormon istehsalını azaltmağa çalışaraq hormon tarazlığını qorumaq istəyirik.


İkinci müalicə üsulu cərrahi müalicədir.

Cərrahi müalicə qalxanvari vəz xəstəliklərində vacib bir yer tutmaqdadır. Amma xəstələr əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı dövrlərdə mütləq həkim endokrinoloq tərəfindən təqib olunmağı çox vacibdir. Üçüncü müalicə radioaktiv yod müalicəsidir.


Radioaktiv yod müalicəsi xüsusi qrup seçilmiş xəstələrə, müəyyən tretoksikoz hallarında, qalxanvari vəzin xərçəngindən əməliyyat olunmuş xəstələrə əməliyyatdan sonrakı dövrdə ablasiya məqsədi ilə edilən bir müalicə üsuludur. Bu müalicə üsullarından başqa digər türkəçarə, fitoterapiya, qurbağa və s. bu kimi müalicələrin heç bir elmi əsası yoxdur, bunlarla müalicə aparmaq sadəcə vaxt itkisidir.


Zob xəstəliyi qalxanabənzər vəzinin xərçəng xaric böyüməsidir.


Amma qalxanvari vəzidə onkoloji problemin baş verməsi üçün bir xərçəngönü xəstəliyin olması lazımdır. Bu isə adətən, qalxanvari vəzidə olan düyünlərdir. Düyün, müxtəlif morfoloji xüsusiyyətə malik bütün ocaqlı törəmələrə aid olan bir anlayışdır.

Qalxanvari vəzdə olan bütün düyünlərin 5-10 faiz xərçəng olma riski vardır. Qalxanvari vəzinin hər düyününə və xəstəliyinə xərçəng deyilməz. Ultrasonoqrafik olaraq müəyyən xərçəng şübhəsi olan düyünləri biopsiya edirik.

Biopsiyanın nəticəsi əgər şübhəli gəlirsə bu xəstələr əməliyyat olunur. Həqiqət əməliyyatdan sonra bilinir. Bəzən biopsiya ilə əməliyyatın nəticəsi üst-üstə düşməyə də bilər.

Ona görə də tam klinik diaqnoz əməliyyatdan sonra xəstələrə histoloji müayinədən sonra qoyulur. Hər qalxanvari vəz xəstəsinə təbii ki, əməliyyat lazım deyildir. Xəstələrin əməliyyata göndərilməsinə qruplaşdırsaq əsas üç göstəriş vardır.

Birinci qalxanvari vəzi xərçəngidirsə və ya xərçəng şübhəsi vardırsa xəstə mütləq əməliyyat olunmalıdır. İkinci toksiki zəhərli zoblarda radioaktiv yod müalicəsinə əks göstəriş varsa (xüsusən, gənc xəstələr, siqaret çəkənlər, göz problemləri olanlar, böyümüş qalxanvari vəz varsa və s.) bu hallarda cərrahi əməliyyat göstərişdir.

Üçüncü böyümüş qalxanvari vəzi və yaxud da zobu olan xəstələr. Vəz estetik bir defekt yaradırsa, hormon tarazlığı pozulmayıb lakin çox böyümüşdürsə, xəstəni boğur və ya sıxırsa, nəfəs və ya digər boyun orqanlarında deformasiya yaradırsa estetik, kosmetik defekti aradan qaldırmaq üçün böyümüş qalxanvari vəzinin cərrahi olaraq alınması üçüncü göstərişi təşkil edir.


Bəzən göstərişsiz xəstələrin cərrahi əməliyyat olunmasına da təsadüf edirik, amma əməliyyata, cərrah təkbaşına deyil, endokrinoloq ilə birlikdə qərar verməlidir.


Təbii ki, bütün yaş qruplarında və eyni zamanda pediatrik yaş dövründə də, yəni uşaqlarda da qalxanvari vəz xəstəliklərinə rast gəlinir. Amma uşaqlarda rast gəlinən qalxanvari vəz xəstəliklərinin bir qədər fərqli xüsusiyyətləri var. Bəzən bunlar daha aqressiv gedişə malik olurlar. Uşaqlarda tapılan qalxanvari vəzidə olan düyünlərin onkoloji riski daha yüksəkdir.

Bu baxımdan daha diqqətli olmaq, hormon tarazlığı pozulmadan uşağın cinsi yetişkənliyini, boy məsələlərini, inkişafını tormozlamadan doğru və düzgün müalicə seçilməsi həkimdən daha çox diqqət, eyni zamanda, məsuliyyət tələb edir. Bütün dünyada yeni doğulmuş bütün uşaqlarda daban qanından neonatal skrininq testləri edilir.


Bu zaman dabandan alınan qan nümunəsində "TSH” analizini etməklə anadangəlmə qalxanvari vəzi patologiyasına aid olan dəyişikliyi aşkara çıxarmaq lazımdır.


Əgər topuq qanından aparılan hormonla müayinə vaxtında edilməzsə və xəstəlik gözdən qaçırılarsa, irəli yaşda bu uşaqlar artıq cəmiyyət üçün itirilmiş sayılır.

Bu uşaq böyüməz, inkişafı olmaz, somatik xəstəliklərə yaxalanma ehtimalı yüksək və zəka geriliyi ola bilər.


Ona görə də yeni doğulmuş bütün uşaqlarda topuq qanından qalxanvari vəzinin hormonal profilinə baxmaq çox vacibdir. Uşaqlarda irəli yaş dövründə, yetişkənlik dövründə qalxanvari vəzinin müxtəlif xəstəliklərinə rast gəlinir.


Bu böyüklərdə olan şikayətlərə bənzər olur. Amma müalicəsi müəyyən xüsusiyyətlərinə görə böyüklərdən fərqlidir.


Ona görə hansısa bir uşağın inkişafında boyun nahiyyəsində şişkinlik, ürək-döyünmə, halsızlıq, bəzən qız uşaqlarında menusturasiya gecikməsi kimi problemlər olarsa və yaxud genetik olaraq yaxınlarında qalxanvari vəzi problemi olan xəstələr mütləq uşaqlarını da yoxlatdırmalıdırlar. Qan testləri və ultrasonoqrafik müayinələrin aparılması belə uşaqların erkən diaqnostikası üçün çox vacibdir.

 

 

 

Qalxanvari vəz niyə böyüyür, zob xərşəngə çevrilərmi? -  Tanınmş endokrinoloqun MƏQALƏSİ