Qastroskopiya və kolonoskopiya qorxuludurmu? - Həkimdən açıqlama

  • 2022.08.23 14:17
  • 3775 Baxış
Qastroskopiya və kolonoskopiya qorxuludurmu?   - Həkimdən açıqlama


Son illər müasir texnologiyaların geniş tətbiqi həyatımıza çoxsaylı üstünlüklər gətirməklə yanaşı, müəyyən fəsadlara da yol açır. Bunlardan biri də insanların qidalanması ilə əlaqədardır. Belə ki, gərgin iş qrafiki, vaxt çatışmazlığı səbəbindən bir çoxumuz hazır və yarımfabrikat qidalara üstünlük veririk. Ənənəvi ailə institutunda baş verən dəyişikliklər, qadınların kişilərlə bərabər aktiv iş həyatına atılması, nəticədə evlərdə xörək hazırlanmasının ikinci plana keçməsi də bu məsələdə öz sözünü deyir.


"Medicina" xəbər verir ki,Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə mədə-bağırsaq xəstəliklərinin vaxtında aşkarlanması üçün vacib olan diaqnostik müayinələrdən danışıb.


“Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edirik. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilnən yerlərdən biopsi götürülür”.

Həkim qastroskopiya müayinəsinin yaşından asılı olmayaraq hər kəsə tətbiq edildiyinə diqqət çəkdi. Amma bəzi xəstəlikləri olanlara məsləhət görülmədiyini bildirdi. Belə xəstələr sırasında ağır ürək xəstəlikləri olanları, insult keçirmiş şəxsləri misal çəkdi: “Belə xəstələrin qastroskopik müayinəsi yalnız həkim göstərişindən sonra ola bilər”.

F.Məmmədzadə kolonoskopiya müayinə üsulundan da söhbət açdı. Qeyd etdi ki, kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur: “Prosedur mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu müayinə vasitəsi ilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur”.

Pasiyentlərin endoskopik müayinələrdən çəkinməsi ilə bağlı sualımızı cavablandıran həkim, istər qastroskopiya, istərsə də kolonoskopiyanın qorxulu olmadığını vurğuladı. Bildirdi ki, müayinələr zamanı pasiyentlər ağrı hiss etməsin deyə, onlara heç bir əlavə təsiri olmayan yuxugətirici dərmanlar vurulur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir.

Mütəxəssis mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbinin əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, son zamanlar iltihabi bağırsaq xəstəlikləri arasında xoralı kolit və kron xəstəlikləri geniş yayılıb:



“Xoralı kolit və kron - mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır. İnsanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bu xəstəliklərə ən çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu xəstəliklərin yaranma səbəbi barədə isə konkret fikir söyləmək mümkün deyil. Xoralı kolit xəstəliyi yalnız yoğun bağırsağı zədələdiyi halda, kron xəstəliyi mədə-bağırsaq traktının istənilən şöbəsini, daha çox isə nazik və yoğun bağırsaqları zədələyir. Odur ki, mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asan və daha tez başa gəlir”.


Aygün Musayeva