Saç boyaları hansı xəstəliklərə səbəb olur?

  • 2024.03.27 12:12
  • 384 Baxış
Saç boyaları hansı xəstəliklərə səbəb olur?
Rəngini dəyişmək və ya ağ saçları örtmək üçün saçınızı vaxtaşırı boyayırsınızsa, diqqətli olun!

Medicina.az xəbər verir ki, boyaların çoxunun tərkibində zərərli kimyəvi maddələr var.

Elmi araşdırmalar göstərir ki, gündəlik həyatda istifadə edilən fərdi qulluq vasitələrinin əksəriyyətində sağlamlığa zərərli kimyəvi maddələr mövcuddur. Bunlar arasında ən çox müzakirə edilənlərdən biri də saç boyalarıdır. Onun zərərli təsirləri çox vaxt nəzərə alınmır.Ancaq dermatoloqlar bu vəziyyətin ciddi sağlamlıq riskləri yarada biləcəyinə diqqət çəkirlər. Dermatoloq Hülya Süslü “sağlamlığınız üçün bu təhlükəni gözardı etməyin" xəbərdarlığını edib.

“Qalıcı saç boyaları iki əsas komponentdən - adətən ammonyak və ya monoetanolamin ehtiva edən rəngdən və saçın rəngini açan hidrogen peroksiddən ibarətdir. Bu komponentlər baş dərisində qızartı və qaşınma kimi allergik reaksiyalara səbəb ola bilər. Hidrogen peroksid saçda kükürd itkisinə səbəb olduğu üçün saç tökülməsinə gətirib çıxara bilər. Tərkibində ammonyak olmayan məhsullardan istifadə edərkən də diqqətli olmaq lazımdır, çünki onlar da toksik maddə “Monoetanolamin (MEA)” ehtiva edirlər”, - deyə dermatoloq bildirib.

Onun sözlərinə görə, saç boyalarının tərkibində olan benzol, formaldehid, parafenilendiamin (PPD), aminofenol və naftilamin kimi bəzi kimyəvi maddələrin döş xərçəngi və sidik kisəsi xərçəngi riskini artırdığını göstərən araşdırmalar var:

“PPD qaraciyərin zədələnməsinə səbəb ola bilər. Saçlarını tez-tez boyayan insanlarda bütün bu risklər artır”.

Bitki mənşəli boyalar və xına yaxşı alternativdir?

“Saç boyalarının bitki mənşəli olması onların zərərsiz və ya tamamilə təhlükəsiz olması demək deyil. Qara xına kimi satılan paketlərin tərkibində yüksək allergiya riski olan parafenilendiamin də var.

Yaşıl qoz qabıqlarında tapılan və bitki boyalarında rəngləndirici kimi istifadə edilən “juqlon” hüceyrənin zədələnməsinə səbəb olan sitotoksik maddədir (hüceyrəyə toksik təsir göstərir və hüceyrəni öldürür və ya funksiyasını pozur).

Bundan əlavə, saç boyalarında istifadə edilən bitki ekstraktlarının tərkibi və toksik təsirləri; bitki mənbələrindən, məhsul mövsümündən və hazırlanma texnikasından asılı olaraq dəyişə bilər.

Bitki mənşəli boyaların çoxunda kadmium, qurğuşun və xrom kimi ağır metal ionları var. Həm bu səbəbdən, həm də günəş işığına həssaslığı artırdığından onların istifadəsi məhdudlaşır. Bitki mənşəli saç boyalarından ehtiyatla istifadə etmək və onların tərkibində olan inqrediyentlər barədə məlumatlı olmaq vacibdir”, - deyə Hülya Süslü vurğulayıb.


Kimlər üçün daha risklidir?

Dermatoloq hamiləlik və əmizdirmə zamanı saçlarını boyayan anaların uşaqlarında astma və leykemiya kimi xəstəliklərin yaranma riskinin artdığını göstərən tədqiqatlar olduğunu diqqətə çatdırıb.

“Bu səbəbdən xüsusilə hamiləliyin ilk 3 ayında saçların rənglənməməsi məsləhət görülür. Saç boyasının tərkibindəki aktiv maddələrə allergiyası olduğunu bilənlər də saç boyamamalıdır”, - deyə dermatoloq qeyd edib.


Aysel