“Azərbaycan toyları insanların kütləvi zəhərləndiyi yerdir...”- Ekspert fikri

  • 2019.08.06 15:31
  • 10459 Baxış
“Azərbaycan toyları insanların kütləvi  zəhərləndiyi yerdir...”-  Ekspert fikri
"Toylarda olan elə salatlar var ki, onların saxlanma müddəti 3-4 saatdır, amma buna nəzarət edən yoxdur".


Medicina.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son günlər toylarımızda tez-tez baş verən zəhərlənmə halları haqda danışarkən deyib. 


Ekspert bildirib ki, bu sahəyə müvafiq qurumların ciddi nəzarət etməsi vacibdir:


"Azərbaycan toyları istehlakçıların kütləvi, tədrici və ya qəfil zəhərləndiyi yerlərdir. Toylarda iş başlayan zaman dövlət məmurunun işi qurtarır. AQTA yaranan gündən biz təklif etmişik ki, cəld reaksiya mexanizmi yaratmaq lazımdır. Bu saat vəziyyət elədir ki, təhlükəli qida satılırsa, kimə zəng vurursan, vur, heç bir mexanizm yoxdur ki, onun qarşısını alsın. AQTA kimi çox böyük səlahiyyətlərə malik olan bir qurum olduğu vaxtda ona görə bu hadisələr baş verir ki, AQTA əlində sertifikatlaşdırma funksiyasını birləşdirir, yəni sertifikatlaşdıran orqan müstəqil olmalıdır. 


Toyxana qida zəncirində iştirak edən bir subyektdir. Onlar AQTA tərkibində reyestrə daxil olurlar və onlara sertifikat verilir. Sonra da zəhərlənmə hadisəsi olanda AQTA sərtifikatını masanın üstünə qoyub deyir ki, bunu sən vermisən, yəni özü-öz sertifkatını təkzib edə bilməz. Ona görə də biz həmişə təklif etmişik ki, sertifikat verən orqan müstəqil olsun, müstəqil ekspertiza məhkəmələrdə tanınsın. Amma çox təəssüflər olsun ki, bunlar yoxdur və nə qədər belə olacaq zəhərlənmə hadisələri da baş verəcək. 


Toylarda olan elə salatlar var ki, onların saxlanma müddəti 3-4 saatdır, amma buna nəzarət edən yoxdur. Ölkədə vaxtı keçmiş qidaların son ünvanı yerli istehlakçılardır. Biz təklif etmişik ki, vaxtı keçmiş qidalar istehsalçıya qaytarılmasın, əksinə birbaşa məhv edilsin. Təəssüf ki, bu məsələlər həll olunmur və ona görə də bu kimi problemlər yaşanır”. 


Qeyd edək ki, dünən Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunan toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89-u zəhərlənib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.

 


 

“Azərbaycan toyları insanların kütləvi  zəhərləndiyi yerdir...”-  Ekspert fikri