Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilib.
"Medicina" xəbər verir ki, Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Şamaxı rayonunda elmi simpozium baş tutub.
Simpoziumda TƏBİB-in tabeliyində fəaliyyət göstərən 15-ə yaxın tibb müəssisəsindən nefroloq, uroloq, transplantoloq, cərrah, anestezioloq və reanimatoloq həkimlər iştirak edib.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev ölkəmizdə transplantasiya sahəsində aparılan islahatlar, regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafı və bu kimi elmi platformaların səhiyyə sisteminə verdiyi töhfələri diqqətə çatdırb.
Daha sonra t.e.d., professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı beyin ölümü anlayışının tibbi və elmi əsasları, nefrologiyada müasir yanaşmalar və kadr hazırlığının əhəmiyyəti barədə geniş məlumat verib.
Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri t.e.d. Rəşad Şolan Azərbaycanda böyrək transplantasiyası sahəsində mövcud təcrübə, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə ətraflı çıxış edib.
Simpozim panel sessiyalarla davam edib. I panel sessiya “Beyin ölümü” mövzusuna həsr olunub. Sessiyada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini, həkim-reanimatoloq Günay Abbasova “Beyin ölümünün müasir diaqnostikası: Azərbaycanda orqan donorluğu və transplantasiyasının iş prinsipi”, Mərkəzin Hüquq və nəzarət şöbəsinin müdiri Hüseyn Camalov “Azərbaycanda orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları”, Mərkəzin Koordinasiya şöbəsinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən nə üçün donor olmaq istəyirəm?” mövzularında təqdimatla çıxış ediblər.
Panel çərçivəsində ölümündən sonra orqan bağışlama bəyanatı mərasimi də keçirilib.
“Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” mövzusuna həsr olunan II panel sessiyada professor Fuad Sərdarlı, dosent Lalə Bəxtiyarova və Nihad Novruzov “Xroniki böyrək xəstəliyi – 2025”, R.Şolan “Böyrək transplantasiyasında mürəkkəb kliniki halların təhlili, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, t.e.d., Aytən Məmmədzadə “Diabetik nefropatiya: müasir müalicə strategiyası və böyrək transplantasiyasına gedən yol”, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Böyrək xəstəlikləri və orqan transplantasiyası şöbəsinin transplant-nefroloqu, Nərgiz Baxşəliyeva “Böyrək transplantasiyası nefroloqun gözü ilə” mövzularında elmi məruzələrlə çıxış ediblər.
medicina.az