Son vaxtlar bəzi marketlərdə satılan göyərtilərin keyfiyyəti ilə bağlı narazılıqlar artmaqdadır.
Belə ki, istehlakçılar aldıqları göyərtilərdən aseton, boya və hətta neftə bənzər kəskin qoxuların gəldiyini bildirirlər.
Medicina.az xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, göyərtilərdən qoxu gəlməsi ilə bağlı birliyə daim zənglər daxil olur:
“Göyərtilərin yetişdirilməsində kimyəvi maddələrdən, o cümlədən tullantılardan istifadə olunur. Məsələn, illər öncə Gəncədən gələn göyərtilərlə bağlı bizə məlumatlar daxil olurdu ki, onlar kanalizasiya suları ilə sulanır. Sonradan bunun qarşısı alındı, indi vəziyyət elə deyil”
.
Sədrin sözlərinə görə, torpaqda müəyyən ziyanvericilərin qarşısını almaq üçün bəzən müxtəlif üsullardan istifadə olunur:
“ Məsələn, kartofun ziyanvericilərindən biri olan danaburnuya qarşı mübarizə aparmaq üçün bəzi hallarda salyarka və ya neft tökülür ki, onu məhv etsinlər. Təəssüf ki, bu sahə ilə məşğul olan bəzi şəxslər ziyanvericilərlə mübarizə aparmaq üçün belə maddələrdən istifadə edirlər və nəticədə bu qoxu göyərtilərə də keçir. Təbii ki, normal göyərtidə heç bir kəskin iy olmamalıdır.
Bakının mağazalarına gətirilən göyərtilər “Meyvəli” bazarında yoxlamadan keçir. Görünür, yoxlamalar tam mükəmməl aparılmır və bəzi hallar nəzərdən qaçır.
Əlbəttə, kəskin qoxu gələn göyərtilərin istehlakı məsləhət görülmür. Belə hallarla rastlaşanlara nümunəni saxlamaqla 1100 “Qaynar xətt” vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə olunur”.
Medicina.az